Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Qarabağdakı sülhməramlı kontingentə general-mayor Andrey Volkov rəhbərlik edəcək. Komandanın dəyişdirilməsi planlaşdırılmış rotasiya çərçivəsində həyata keçirilir, işlərin qəbulu və təhvil verilməsi proseduruna başlanılıb. General-mayor Volkov Qarabağdakı sülhməramlılara general-leytenant Rüstəm Muradovun rəhbərlik etdiyi vaxtlarda - 2020-ci ilin noyabrından 2021-ci ilin may ayına kimi kontingentin komandir müavini olub. Hazırda Volkov Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin qoşun hissəsinin rəisidir.
Məlumat üçün qeyd edək ki, 2020-ci ilin noyabr ayında Rusiyanın sülhməramlı qüvvələri Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilib. Bu, son bir il 2 ay ərzində 4-cü komandan dəyişikliyidir. Belə ki, Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov təyin edilmişdi. O, missiyasını başa vurub. Qısa müddət ərzində bu vəzifəni general-mayor Mixail Kosobokov yerinə yetirib. Daha sonra bu vəzifəyə Gennadi Anaşkin təyin olunub. Düzdür, komandanların dəyişdirilməsi Rusiyanın daxili işidir. Ancaq sülhməramlıların öz vəzifələrini tam və səmərəli şəkildə yerinə yetirə bilməməsində bu komandanların belə tez-tez dəyişdirilməsinin mənfi bir rolu varmı?
Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmlinin fikrincə, prinsipcə, tez-tez baş verən dəyişikliyin sözügedən məsələlərdə mənfi rolu var: “Əvvəla, sülhməramlıların ilk komandanı Rüstəm Muradov fəaliyyətə başladığı ilk dövrlərdən özünü doğrultmadı. Yəni sülhməramlıların ilkin fəaliyyətini təftiş etsək görərik ki, bu, normal çərçivədə olmayıb. Çünki onlar sülhü dəstəkləməkdən çox özlərini tərəf kimi göstəriblər. Dəfələrlə bunun şahidi olmuşuq. Məlum oldu ki, onların regionda baş verən hadisələrlə bağlı təsəvvürləri çox aşağıdır. Bəlli oldu ki, bu adamlar hələ Qarabağda nə baş verdiyini anlamırlar. Burada əzilən tərəfin, əzən tərəfin, həmçinin itirən tərəfin kim olduğunu bilmirlər. Reallıq ondan ibarətdir ki, sülhməramlılar öz missiyalarını yerinə yetirə bilmirlər. Separatçılara aşırı yaxınlıq göstərirlər. Azərbaycanın icazəsi olmadan xaricdən Qarabağa qanunsuz səfərlərə şərait yaradırlar. Hansı ki, bütün bunlar beynəlxalq hüququn kobudcasına pozulması deməkdir. Sülhməramlılara rəhbərlik edən komandanların tez-tez dəyişdirilməsi ondan irəli gəlir ki, o vəzifəyə təsadüfi adamlar təyin edilir. Bu da ümumi işə, onun səmərəsinə mənfi təsir göstərir. Yeni təyin edilən Andrey Volkova qədər fəaliyyət göstərən əvvəlki 3 komandan özünü doğrultmayıb. Ümid edək ki, yeni komandan əvvəlkilərdən fərqli olacaq. Nə Azərbaycanın, nə də Ermənistanın tərəfini tutacaq, neytral qalacaq. Üzərinə düşən misssiyanı yerinə yetirəcək. Ancaq şəxsən mən buna inanmıram. Ona görə ki, Moskvanın apardığı siyasət bunun əksini ortaya qoyur. Gərəkən siyasi qətiyyəti biz görmürük. Belə olmasaydı, o zaman 1 ildə 4 komandan dəyişilməzdi”.
Hərbi ekspert onu da əlavə etdi ki, biz bu kimi məsələlərdə son dərəcə diqqətli olmalıyıq.
Vidadi ORDAHALLI