Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribata cavab olaraq Azərbaycan Ordusunun əsgərləri dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində düşmənin iki postunu dağıdıb.
Görünən odur ki, son günlər baş verən hadisələr fonunda KTMT-yə müvəqqəti sədrlik edən Ermənistanın baş naziri Nikol Paşinyan eyforiyaya qapılıb və verdiyi qərarların məsuliyyətini dərk etməyəcək dərəcədə “başını itirib”.
Lakin Azərbaycan Ordusunun sayıqlığı hər zamankı kimi yüksək səviyyədədir.
Ermənilər Kəlbəcər istiqamətində təxribatı maraqlı dönəmə təsadüf edir. Ola bilərmi ki, məhz bu məqamda onların belə davranmaları KTMT adlı qurumun Qazaxıstandakı fəallığı ilə bağlı olsun? Dövlət sərhədlərinin pozulması bəhanəsilə həmin qurumun proseslərə müdaxiləsi üçün zəmin axtarıla bilərlərmi?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “ Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, burada yalnız ermənilərin deyil, həm də rusların öz marağı var. Bu sayaq təxribatlarla Moskva, ən azından İrəvanı məcbur etmək istəyir ki, sülhməramlı adı ilə rus qoşunları Azərbaycan-Ermənistan sərhədində yerləşdirilsin. Sərhəddəki bu təxribatlar gözlənilən idi. Çünki Rusiya həddən artıq aqressivləşib. Rəsmi İrəvan həmişə sərhədə müşahidəçi qismində üçüncü tərəflərin cəlb olunmasına çalışıb. Ola bilsin yenidən bu fikrə düşüb və KTMT qoşunlarının sərhədə yerləşdirilməsini istəyir. Əvvəllər də dəfələrlə analoji cəhdlərin şahidi olmuşuq. Zənnimcə, ərazinin seçilməsi də təsadüfi deyil. Doğrudur, indi orda hava çox soyuqdur. Ancaq hazırda Kəlbəcər kommunikasiya baxımından bizim üçün o qədər də əlverişli hesab olunmur. Əvvəlki dövrlərdə, o cümlədən sovet hakimiyyəti illərində istifadə olunan yollar indi sülhməramlıların nəzarəti altındadır. Bəlkə də, orda təxribat törətməklə Azərbaycanın hərbi imkanlarını sınaqdan keçirməyi hesablayırlar. Göründüyü kimi, biz də düşməni ciddi itkilərə məruz qoyduq. Bu, ermənilərə yaxşı dərs olacaq. Düşünmürəm ki, bu cür gedişlərlə KTMT Ermənistanın açıq dəstəyinə keçəcək. Belə olacağı təqdirdə Türkiyə də konkret addımlar ata bilər. Yəni Rusiya başını daha bir böyük qalmaqala qoşmaq istəməz. Bu çoğrafiya bir qədər fərqlidir”.
Məhəmmədəli QƏRİBLİ