Qazaxıstanın təşəbbüsü ilə çağırılan KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyası olub.
Sessiyada Nikol Paşinyan çıxış edərək, Azərbaycanın ünvanına böhtanlar səsləndirib: “Qazaxıstanda olduğu kimi, Dağlıq Qarabağda 44 günlük müharibədə də kənardan terrorçular gətirilmişdi. Biz beynəlxalq terrorçularla üz-üzə qalmışdıq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlər yeni təhlükələrlə üz-üzə qala bilər”. Paşinyan sərsəm fikirlərinin davamı olaraq bildirib ki, KTMT-nin dönəm sədri kimi qurumun böhranlara reaksiyası ilə bağlı mexanizmləri təkmilləşdirməyə çalışacaqlar. Bununla Paşinyanın əsl niyyəti nədən ibarət ola bilər?
Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, KTMT Təhlükəsizlik Şurasının Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin müraciəti əsasında sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsi barədə qərar qəbul etməsi Ermənistanda indi ən çox müzakirə edilən mövzular sırasında yer alır: “Buna səbəb həmin qərara KTMT-nin sədri kimi baş nazir Nikol Paşinyanın imza atmasıdır. Erməni ekspertlər deyir ki, onlar ilk dəfədir KTMT mexanizmlərindən istifadə edildiyinin şahidi olublar. Qeyd edək ki, Ermənistan Azərbaycanla münaqişədə olduğu zaman daim KTMT amilindən bizə qarşı istifadə etməyə çalışıb. Hətta bu məqsədlə 44 günlük müharibədən əvvəl Tovuzda təxribatlar törətdi ki, Azərbaycan onun ərazisinə girsin, bunun da nəticəsində KTMT-nin işə qarışması üçün əsas olsun. Müharibə başa çatandan sonra da Ermənistan bir neçə dəfə sərhəddə təxribbatlara əl atdı. Amma necə deyərlər, istəyi gözündə qaldı, çünki KTMT-nin dəstəyini həmin məsələdə ala bilmədi. İndi ümid edirlər ki, gələcəkdə Ermənistan belə vəziyyətə düşərsə, müvafiq yardımı alacaq. Erməni ekspertlər deyir ki, əvvəllər Ermənistanın iştirakı formal idisə və yalnız Rusiya ilə münasibətləri korlamamaq ideyası ilə şərtlənirdisə, indi bu başqa xarakter alır. Paşinyan hakimiyyətə gələn kimi KTMT-də Ermənistanı təmsil edən generalı həbs etdirdi. KTMT-dən çıxmaq barədə düşünürdü. İndi isə qurumun mexanizmlərini təkmilləşdirmək istəyir. Bu biabırçılıqdır. Paşinyan KTMT-nin Qazaxıstana girişindən həvəslənib. Düşünür ki, bu variantdan gələcəkdə öz xeyirləri üçün də istifadə edə bilər, ancaq yanılır. Həmin təşkilatda söz sahibi Rusiyadır. Nəyi necə “təkmilləşdirməyin” yollarını isə o bilir”.
Məhəmmədəli QƏRİBLİ