Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin Qazaxıstandakı vəziyyətlə bağlı keçirdiyi fövqəladə iclasda çıxışı zamanı deyib:
“Qazaxıstanda barış və sabitliyin qorunması, bölgə və təşkilatımız (Türk Dövlətləri Təşkilatı) üçün olduğu kimi, qlobal sülhün qorunması üçün də xüsusi əhəmiyyət daşıyır. Qazax xalqı da mövcud problemlərin həlli istiqamətində birlik və bərabərlik nümayiş etdirmək iqtidarındadır. Türk Dövlətləri Təşkilatı olaraq, ortaq mesajımız budur. Biz türk dünyası olaraq Qazaxıstanın yanındayıq. Qazaxıstana dəstəyimiz tamdır. Biz Qazaxıstana güvənir və inanırıq. Türk dünyası olaraq Qazaxıstanın yanında olacağıq. Allahın izni ilə sabitlik və rifah yolunda birlikdə yürüyəcəyik”. Çavuşoğlu, hətta Türk ordusunun da daima Qazaxıstanın yanında olduğunu bəyan edib. Bununla Çavuşoğlu nəyə eyham vurmaq istəyib?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, gecikmiş olsa da, çox gözəl fikirdi: “ Bu o deməkdir ki, Türkiyə Rusiyanın Qazaxıstandakı davranışları ilə barışmayacaq. Eləcə də digər türk dövlətləri. Əslində KTMT-nin atdığı addım elə bütün türk dövlətlərinə olan sayğısızlıq kimi qiymətləndirilməlidir. Türk dövlətləri ilə bağlı inteqrasiya qurumunda sədrlik Türkiyədədir. Həmin ölkə türk dövlətlərinə qarşı olan haqsızlığa göz yummamalıdır. Rusiya Lukaşenkonun, Jirinovskinin dili ilə türk dövlətlərinə qarşı təhdidlərini davam etdirir. Onların gözünü o qədər qan örtüb ki, ölkələrə qarşı açıq ərazi iddiaları irəli sürürlər. Çox anormal proseslər gedir. Başda ABŞ olmaqla, Qərb bu proseslərə seyrçi qalır. Türkiyənin bu reaksiyası çox lazımi zamanda verilib. Yerində deyilmiş sözdür. Türkiyə bu mesajı havayı yerə vermir. Rusiyaya bir ismarıçdır ki, nə qədər gec deyilsə, öz qoşunlarını Qazaxıstandan çıxarsın, yoxsa münasibətlər başqa müstəviyə keçə bilər. Lukaşenko və digərləri Özbəkistanı açıq təhdid edirlər ki, gəlib KTMT-yə girsin. Dünyanı bu şəkildə müharibə həddinə gətirib çıxarmaq olmaz. Onlar etiraz görməyəndə daha da azğınlaşırlar. Hesab edirəm ki, Çavuşoğlunun bu bəyanatı lazımi nəticəni verəcək”.
Məhəmmədəli QƏRİBLİ