Rusiya Dövlət Duması qondarma “Donetsk və Luqansk Xalq Respublikalarının” (DXR və LXR) tanınması haqqında qərar layihəsi hazırlayıb. Bu barədə “Donbass qərar verir” kanalına Dövlət Dumasının deputatı Kazbek Taysayev (Rusiya Federasiyası Kommunist Partiyası) məlumat verib:
“Partiyamız artıq Dövlət Dumasının Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasını tanıması ilə bağlı qətnamə layihəsi hazırlayıb”. Taysayev əmindir ki, bu tapşırıq yaxın vaxtlarda həyata keçiriləcək. Eyni zamanda o qeyd edib ki, Minsk razılaşmalarına alternativ yoxdur, lakin Kiyev bu vəzifəni həyata keçirməmək üçün əlindən gələni edir: “Onlar bilərəkdən prosesi gecikdirirlər, onlara bu qurbanlar lazımdır, bu müharibə lazımdır, çünki bu, xaricdən gələn sifarişdir. Hamı bunu çox yaxşı başa düşür”.
Rusiya heç nədən çəkinmədən keçmiş sovet məkanında olan ölkələrdəki separatçı rejimlərin müstəqilliyini tanımağa hazırlaşır. Belə olan təqdirdə, Qarabağda ermənilərin yaşadığı ərazilərlə də bağlı anoloji addım atılma təhlükəsini nə dərəcədə real saymaq olar?
Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan üçün artıq Dağlıq Qarabağ deyilən ərazi yoxdur: “Ötən il Azərbaycanın qələbəsilə nəticələnən 44 günlük müharibəyə qədər bu ərazilər Ermənistanın hərbi nəzarətində olsa da, beynəlxalq səviyyədə oralar Azərbaycan əraziləri kimi tanınırdı və Azərbaycan BMT qətnamələrinə istinadən bu əraziləri öz torpaqları olaraq geri qaytarmaq haqqının olduğunu vurğulayırdı. Dünyanın bir çox ölkələri kimi, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmiş Rusiya isə, artıq belə görünür ki, Qarabağda yaşayan ermənilərin ərköyünlüyünə seyrçi qalır. Yenə də Laçın dəhlizi vasitəsilə ora icazəsiz gedən nümayəndə heyətlərinə etirazını bildirmir. Əslində əsas problem rus sülhməramlılarının mandatı ilə bağlı sənədin imzalamamasıdır. Erməni seqmentində belə məlumatlar dolaşır ki, Azərbaycanın bu mandatı imzalamaq üçün şərtləri var. Bu şərtlərdən biri odur ki, Qarabağ ərazisindəki bütün erməni silahlıları tərksilah olunsun. Digər şərtlər budur ki, Azərbaycan Laçın dəhlizinə Rusiya ilə birgə nəzarət eləmək, Xankəndidə yerli idaredicilərin təmin olunmasında Rusiya ilə birgə söz sahibi olmaq istəyir. Rusiya, aydındır ki, bu konfliktin tam həllində maraqlı deyil. Çünki bu münaqişə Rusiyaya əlverişli imkan yaradır ki, həm Azərbaycan, həm Ermənistan üzərində, həm də regionda öz təsir gücünü saxlasın. Ancaq bu heç də o anlama gəlmir ki, Rusiya Qarabağla bağlı da Donetsk və Luqanskdakı kimi davrana bilər. Rusiya öz mövqeyini üçtərəfli bəyanatda qoyub. Ona Qarabağda sülhməramlı kontingent adı ilə fəaliyyət göstərmək məqbuldur. Bununla o, mövcudluğunu təmin etmiş olur. Hazırda Qərb Rusiyanın üzərinə məhz Ukrayna amili ilə gəlir. Bu səbəbdən də, Rusiya daha ciddi müqaviməti orada göstərir. Əslində bu, Rusiyanın ABŞ və Qərbin təzyiqlərinə verdiyi cavabdır. Qarabağla bağlı hələlik belə təhlükə yoxdur. Çünki Rusiya başını eyni anda bir neçə regionda problemə salmaq istəməz”.
Məhəmmədəli QƏRİBLİ