Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin liderləri onlayn formada Qazaxıstandakı son hadisələri müzakirə edərkən Ermənistanın baş naziri Nikol Paşinyan fürsətdən istifadə edib Azərbaycan barədə sərsəmləyib. Belə ki, Qazaxıstanın təşəbbüsü ilə çağırılan KTMT-nin növbədənkənar sessiyasında Paşinyan çıxış edərək, Azərbaycanın ünvanına böhtanlar səsləndirib.
Paşinyan Qazaxıstandakı son hadisələrlə İkinci Qarabağ müharibəsi arasında cəfəng paralellər aparıb: “Qazaxıstanda olduğu kimi, Dağlıq Qarabağa da 44 günlük müharibədə kənardan terrorçular gətirilmişdi. Biz beynəlxalq terrorçularla üz-üzə qalmışdıq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlər yeni təhlükələrlə üz-üzə qala bilər”.
Paşinyan onsuz da bütün tədbirlərdə Azərbaycana yönəlik ittihamlarla çıxış edir. Ancaq təəssüf doğuran məqam həm də o oldu ki, KTMT üzvləri Paşinyanın böhtanlarını susqunluqla izlədilər. Çünki, Ermənistan xaric, KTMT-nin bütün üzvləri Azərbaycanla yaxın münasibətlərə malikdir.
O baxımdan bütün bunları ekspertlər necə dəyərləndirir?
“KTMT üzvlərinin susqun qalması ondan irəli gəlir ki, onlar Nikolun diletantlığına məəttəl qalıblar”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə prizmadan yanaşdı: “Ermənistan baş naziri Nikol Paşinyanın KTMT iclasında absurd olaraq Qarabağla bağlı məsələyə toxunması ilk növbədə bu ölkənin maraqlarına ziddir. Azərbaycan və Ermənistan arasında bir neçə razılaşma var, bəyanatlar qəbul olunub. Paşinyan hesab edir ki, KTMT-ni prosesə qatarsa nəyəsə nail ola bilər. Halbuki, Rusiya ilk fürsətdə Paşinyanı yıxmağa hazır görünür. Bunu Paşinyanın özü də bilməmiş deyil. Sadəcə o, vəziyyətdən istifadə edərək rola girir. Paşinyanın bu açıqlamasına KTMT üzvlərinin susqun qalması isə ondan irəli gəlir ki, onlar Nikolun diletantlığına məəttəl qalıblar. Çünki Azərbaycanla münasibətlərin normallaşması istiqamətində razılaşmalar varsa, niyə Paşinyan belə bir açıqlama verir? Sadəcə, görünür Nikol qeyri-stabil biri kimi xarakterizə edilir. KTMT Ermənistan-Azərbaycan münaqişəsindən uzaq olub, bundan sonra da uzaq olacaq. Sadəcə, Paşinyanın bu siyasəti Ermənistanın blokadada qalmasına gətirib çıxarır. KTMT-yə üzv ölkələr Azərbaycanla normal münasibətlərə malikdir. Ermənistan rəhbərliyi onları təxribata çəkməyə can atır, amma bu onun əlyhinə işləyir. Ona görə də Paşinyan Azərbaycanla münasibətləri qaydaya salsa, hakimiyyətdə qalacaq. Əks halda onun hakimiyyətdə qalması uzun sürməyəcək”.
Politoloq onu da qeyd etdi ki, Paşinyan köhnə ritorika ilə nəyəsə nail ola bilməyəcək.
Vidadi ORDAHALLI