Xəbər verildiyi kimi, yanvarın 5-də Qazaxıstan hökumətinin çağırışı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingenti bu ölkəyə daxil olub. Qazaxıstana göndərilən KTMT kontingentinə Rusiya, Belarus, Qırğızıstan, Tacikistan, Ermənistan silahlı qüvvələrinin bölmələrinin daxil olduğu bildirilir.
Bununla belə, Qazaxıstana yeridilən KTMT sülhməramlılarının sayı açıqlanıb. Rusiyanın yaydığı məlumata görə, Qazaxıstana KTMT-nin sülhməramlıları adı altında daxil edilən qoşun sayı 2500 nəfərdən ibarətdir: 100 erməni hərbçisi, 150-200 Belarus hərbçisi, 200 Tacikistan, 150 Qırğız hərbçisi, qalanları rus hərbçisidir. Rusiya hərbçilərin sayını dəqiq açıqlamayıb. Prezident Qasım Jomərt Tokayev bildirib ki, KTMT sülhməramlı qüvvələrinə hava limanlarını, hərbi bazalar kimi strateji obyektləri mühafizə etmək, habelə təhlükəsizliyi təmin etmək vəzifələri tapşırılıb.
Ərazisi 2,7 milyon kvadrat kilometr, Rusiya ilə sərhədi 7600 kilometr olan Qazaxıstan kimi böyük ölkəyə 2500 əsgərin yeridilməsi nə dərəcədə real sayıla bilər?
“Bunun başqa anlama gələcəyindən ehtiyat edərək, Rusiya hərbçilərin real sayını gizlədir”
Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, sülhməramlıların ümumi sayının guya 2500 nəfər olması reallığı əks etdirmir: “Bu, necə deyərlər, gülməli bir rəqəmdir. Ən azından ona görə ki, iğtişaşların miqyasına, ərazinin böyüklüyünə, şəhərlər arasında məsafənin uzaq olmasına baxanda deyilən rəqəm çox kiçikdir. Daha doğrusu, elə idisə o zaman sabitlik yaratmaqdan ötrü bu qədər həbçiyə nə ehtiyac var idi ki? Qazaxıstanın ordu qüvvələrinin sayı 200 min nəfərə yaxındır. Üstəlik, ölkədə on minlərlə polis əməkdaşı var. O baxımdan hesab edirəm ki, Qazaxıstanda sülhməramlı qüvvələrin sayı deyildiyindən qat-qat çoxdur. Üstəlik, onların böyük əksəriyyəti Rusiya əsgərləridir. Sadəcə, bunun başqa anlama gələcəyindən ehtiyat edərək Rusiya Qazaxıstana yeridilən hərbçilərin real sayını gizlədir. Çünki bu həm ölkə daxilində, həm də xaricdə böyük rezonansa səbəb ola bilər. Rusiyanın ölkəni işğal etməsi anlamına gələcək. Zatən Qazaxıstan prezidentinin KTMT-dən kömək istəməsi birmənalı qarşılanmayıb. Bununla bağlı çoxsaylı tənqidi fikirlər səslənir. O üzdən hesab edirəm ki, sülhməramlıların sayı ilə bağlı deyilən rəqəm reallığı əks etdirmir”.
Hərbi ekspert onu da qeyd etdi ki, KTMT qüvvələrinin yaxın dövrdə Qazaxıstanı tərk edəcəyi real deyil.
Vidadi ORDAHALLI