Qazaxıstanda qazın qiymətinin bahalaşması bəzi qüvvələr üçün əsl göydəndüşmə fürsət oldu. Baş verən proseslərə nəzər salarkən bunu anlamaq elə də çətin deyil. Küçələrə axışaraq, bahalaşmanı bəhanə gətirib etirazlarını polis maşınlarını yandıraraq, insanlara hücum edərək bildirmək nə qədər gözlənilməz idisə, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin bu iğtişaşları yatırmaq məqsədilə üzvü olduğu KTMT-dən dəstək istəməsi bir o qədər ikrah doğuran məsələyə döndü.
Bununla da Rusiya ordusunun Qazaxıstana daxil olmasını dolayısı ilə təmin edən Tokayevin bu qərarı atılan sonuncu absurd addım olmadı. O, artıq iki gündür qərar verib ki, etirazçılara heç bir xəbərdarlıqsız atəş açılsın, zərərsizləşdirilsinlər. Hadisələrin gedişi deməyə əsas verir ki, Kreml ətrafındakı ölkələri zorla Rusiyanın "strateji müttəfiqinə" çevirmək niyyətindədir. Konkret desək, "SSRİ-ni bərpa planı"na start verilib. SSRİ-nin bərpası məsələsinin yeni libasda zühuruna çalışan Rusiya qonşu dövlətlərdəki milli qüvvələrin müqavimətini hesaba qatmayacağı təqdirdə özü çox böyük suverenlik təhlükəsi ilə üz-üzə qala bilər. Çox maraqlıdır, postsovet məkanında aktivliyini zorakı üsullarla artıran Rusiya və onun nəzarəti altında olan KTMT-nin Azərbaycan üçün də təhlükəsi varmı?
Politoloq İlqar Vəlizadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanla bağlı belə bir analogiyanın aparılması doğru deyil: “Gəlin görək, KTMT Qazaxıstana necə girib? Təbiidir ki, özbaşına olmayıb. Ölkənin prezidenti vəziyyətin nəzarətdən çıxdığını görüb, KTMT-ni ölkəsinə dəvət edib. Azərbaycanda daxili stabillik tam nəzarətdədir və sakitdir. Bizdə həmin ixtişaşları yarada biləcək imkanlar da yoxdur. Dəfələrlə görmüşük ki, belə cəhdlər göstərilən kimi onların qabağı tez alınıb. Bizim xüsusi xidmət orqanlarımız daha çevik və səriştəli işləyirlər. Qazaxıstandakı hadisələrə baxanda görürük ki, oarda sanki xüsusi təyinatlı qüvvələr yoxdur. Ya da məqsədli şəkildə gözə dəymir. 44 günlük müharibə də göstərdi ki, bizim kifayət qədər hazırlıqlı xüsusi təyinatlılarımız var. Onlar hətta ən çətin əməliyyatları yerinə yetirməyə qadirdilər. Biz çətin müharibədən çıxmış ölkəyik. Təhlükəsizliklə bağlı bizdə hər şey öz qaydasındadır. İnanmıram ki, hər hansı destruktiv fəaliyyətin qarşısını almaqda biz acız ola bilərik. KTMT üzv olduğu ölkələrin ərazisinə dəvət ala bilir. Biz həmin təşkilatın üzvü deyiliksə, o necə Azərbaycana gələ bilər? Heç nəyə məhəl qoymadan belə bir addımın atılması isə işğal kimi səciyyələndirilə bilər. Digər tərəfdən isə, biizm Türkiyə kimi müttəfiqimiz var. Lazım olduqda biz köməyə həmin ölkəni çağıra bilərik. Bizim daxili işlərimizə qarışmaq kimi cəhdlər olub. Ancaq onların kim tərəfindən hazırlandığını dərhal hesablaya bilmişik. Bizimlə bağlı mən belə bir təhlükə görmürəm. Ancaq çox da arxayın olub, bütün ehtiyatı əldən verməməliyik. Arxayınçılıq çox pis hisdir. Xarici müdaxilə risqi yalnız daxildə destabilizasiya olanda mümkün sayıla bilər. Biz indiyə qədər bunu balanslaya bilmişiksə, bundan sonra da bacaracağıq”.
Məhəmmədəli QƏRİBLİ