Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski Qazaxıstandakı hadisələri şərh edərkən oranı zəif ölkə adlandırıb:
“Qazaxıstan zəif ölkədir, onu 2 saata məhv etmək olar”. Daha sonra bir az da irəli gedərək, Qazaxıstanı bölməyə çağırıb: “Qazaxıstanı ancaq iki yerə bölmək olar: şimalı rusların, cənubu isə qazaxların olsun”. “Böyük Turan” ideyasından qorxan rusların timsalında Jirinovski qazaxların fikrini yenə Rusiyaya yönəltməyə çalışır: “Qazaxlar üçün Moskvaya getmək Ankaraya getməkdən daha asandır. Onlarla Ankarada heç kim kimi davranırlar”. Partiya sədri Qazaxıstandakı üsyanın səbəbləri sırasında Türkiyə amilini də önə çəkib. Bildirib ki, bu məslədə müsəlman Türkiyəsinin ölkəyə nüfuz etməsinin də böyük rolu olub. Türkiyəyə ünvanlanan bu ittihamı nə dərəcədə əsaslı saymaq olar?
Böyük Dayaq Partiyasının sədri Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Jirinovski bir daha öz ampluasına sadiq qalır: “Onun bütün çıxışlarında anti-Türkiyə mövqeyi var. Bu baxımdan, dediklərini qərəzli saymağa əlimizdə kifayət qədər əsas var. Jirinovski şərqşunasdır, daha konkret desək, türk dili üzrə mütəxəssisdir. Onu narahat edən Qazaxıstanın böyük bir türk yurdu kimi, türkdilli ölkələrin inteqrasiyasına meyl etməsidir. Son zamanlar Türkiyənin Qafqazda fəallaşması onları ciddi narahat edirdi. Bilirdilər ki, Türkiyənin Qafqazda möhkəmlənməsi onunla Orta Asiyadakı türk toplumları arasında inteqrasiyanı da sürətləndirəcək. Əslində, Jirinovski əsl səbəbi yox, Rusiyanı narahat edən başlıca amilin nə olduğunu doğru olaraq qeyd edir. Əksinə, mən düşünürəm ki, Qazaxıstanda əhalinin başına gələn müsibətlərin başlıca səbəbi elə Türkiyə sevgisinə görədir. Türkiyənin Xarici İşlər Nazirliyi Qazaxıstandakı etiraz aksiyalarına münasibət bildirib. Bildirilib ki, Türkiyə XİN Qazaxıstanda yanvarın 2-3-də başlayan və hökumətin istefası ilə nəticələnən etiraz aksiyalarını yaxından izləyir. Dost Qazaxıstanın sabitliyinə önəm verildiyi bildirilib. Bizim də arzumuz budur ki, qardaş qazax xalqının sülh və əmin-amanlığı təmin olsun. Qazaxıstan hakimiyyətinin bu böhranın öhdəsindən gələcəyinə inanırıq. Qazaxıstan xalqının sağlam düşüncəsinə güvənir və olayların ən qısa müddətdə sakitləşəcəyinə ümid edirik. Təəssüf ki, Rusiya yenə də öz imperialist maraqlarından əl çəkmir. Jirinovskinin dili ilə öz düşüncələrini bəyan edir. Demək istəyir ki, onun sərhədləri yanında başqa ölkə nüfuz dairəsini genişləndirə bilməz. Ancaq heç bir qüvvə türkdilli ölkələrdə olan Türkiyə sevgisini sarsıda bilməz”.
Məhəmmədəli QƏRİBLİ