Rusiya dövlətinin gizli danışan dili olan Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski öz Teleqram kanalında Qazaxıstanda baş verən hadisələrlə bağlı fikirlərini bölüşüb və bu xüsusda çox maraqlı anons vermiş olub.
Deyib ki, ABŞ Rusiyanın Orta Asiyadakı ən yaxın silahdaşlarından biri olan Qazaxıstanda özünə sərf edən formada Ermənistan və Moldovada olduğu kimi neytral bir rejim qurmaq istəyirdi. Bununla da həmin regionu Rusiyanın üzünə bağlamaq istəyirdi. Bu baş tutsaydı bir Özbəkistan qalırdı. Orada rejimi dəyişməklə Rusiyanı tam təcrid edə bilərdilər”.
Qeyd edək ki, Özbəkistan KTMT-yə daimi üzv olmayan və Rusiya ilə məsafəli davranmağa üstünlük verən ölkədir. Jirinovski, sanki bununla anons verir ki, Rusiyanın Orta Asiyadakı növbəti hədəfi Ozbəkistan ola bilər. Jirinovskinin Özbəkistanın adını qeyd etməsindən daha hansı nəticələri çıxarmaq olar?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 2020-ci ildə Özbəkistanın Avrasiya İqtisadi İttifaqına daxil ola biləcəyi ilə bağlı gözlənilməz mesaj verildi: “Eyni vaxtda da bu addımın Özbəkistanın müstəqilliyinə, suveren qərar qəbul etməsinə formalaşdırdığı risqlər haqqında müzakirələr başladı. Çünki Kremlin ittifaq dövlətində qalması üçün Belarus prezidenti Lukaşenkoya təzyiqlərini var idi. Bu yöndə eyni təzyiqlər Qazaxıstan rəhbərliyinə də edilirdi. İlk gündən aydın idi ki, Özbəkistanın bu təşkilata üzvlüyü Rusiya üçün iqtisadi deyil, geosiyasi cəhətdən vacibdir. Çünki Aİİ ölkələri Rusiyanın əsas ticari tərəfdaşları deyil. Rusiyanın əsas ticari tərəfdaşları Avropa Birliyi və Çindir. Rusiya üçün son illərin əlverişsiz beynəlxalq vəziyyəti, ABŞ və Aİ-nin sanksiyaları, Suriyadakı müharibə, Krım problemi, Ukrayna ilə münaqişə və s. onu daha aqressiv edir. Rusiyada siyasi isteblişmentdə və mediada anti-Qərb və anti-Ukrayna əhval-ruhiyyəsi üstünlük təşkil edir. Son iki ildə isə anti-Qərb və anti-Ukrayna əhval-ruhiyyəsinə Mərkəzi Asiya ölkələrinə aid çirkli təbliğat da qoşuldu. Bu isə, öz növbəsində, onsuz da təşkilat daxilində ancaq Rusiyanın maraqları çərçivəsində davranan ölkələrin İttifaqdan ayrılmasına əsasların yaranmasına səbəb olurdu.
Keçən ilin aprel ayında ABŞ rəsmiləri Mərkəzi Asiya regionunda yeni hərbi bazalar açılması üçün ABŞ hökumətinin hərbçilərinin Əfqanıstandan çıxarılmasından sonra onların Mərkəzi Asiyanın bəzi ölkələrində yerləşdirilməsi ilə bağlı danışıqlar apardı. Qazaxıstan, Özbəkistan və Tacikistanın hakimiyyət orqanları ilə belə danışıqlar aparılması haqqında Rusiya məlumatlıdır. Görünür, Jirinovskinin nitqi ilə danışan Moskva həm də Özbəkistana “məxməri hədə” mesajı verir. Proseslərin gedişi göstərir ki, Rusiya keşmiş SSRİ məkanında əsl söz sahibi kimi davranır. ABŞ və Qərb Rusiyanın bu davranışlarına qarşı güc qoymaq, onu yolundan çəkindirmək gücündə görünmürlər. Bu baxımdan da, Özbəkistan da dilemma qarşıslnda qoyulub. Ya Rusiyanın yaratdığı qurumlarla əməkdaşlıq etməlidir, ya da Qazağıstanın aqibəti onu da gözləyə bilər”.
Məhəmmədəli QƏRİBLİ