Qazaxıstan administrasiyasının ölkənin qərbində başlayan və bütün ölkəyə yayılaraq nəzarətdən çıxan nümayişləri yatırmaq üçün xarici qüvvələri (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı - KTMT) ölkəyə çağırması xüsusilə Türk dövlətlərində ciddi müzakirələrə səbəb olub.
Hesab edilir ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr Qazaxıstanda yaşananlardan nəticə çıxarıb, dərhal ortaq hərbi qüvvələrin yaradılması üçün hərəkətə keçməlidir.
Təqaüddə olan türk general Yücel Karauz bildirir ki, təşkilata üzv ölkələr bununla bağlı dərhal addımlar atmalıdır: “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri təcili toplaşmalıdırlar. Önümüzdəki aylarda keçiriləcək ilk iclasda ortaq hərbi qüvvələrin yaradılması ilə bağlı hüquqi tənzimləmələr aparılmalı və addımlar atılmalıdır”.
Türk dünyası üçün ortaq hərbi qüvvələrin siyasi və iqtisadi məsələlər qədər əhəmiyyətli olduğunu deyən Karauz, “Qlobal proseslər belə bir qüvvənin yaradılmasını zəruri edir. Geciksək, bundan çox böyük zərər görə bilərik. Qazaxıstanda baş verənlər və bəlkə də daha pis şeylər digər qardaş coğrafiyalarda da baş verə bilər”, - deyə o bildirib.
Tahir TAĞIYEV