Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov Azərbaycan ərazilərinə növbəti dəfə qanunsuz səfər edib. Hakim “Vahid Rusiya” partiyasının üzvü Yeni il günlərində Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edərək, orada bir sıra görüşlər keçirib.
Onun bu addımı Azərbaycan rəhbərliyinin ciddi etirazına səbəb olub. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevə məktub göndərərək, onun rəhbərlik etdiyi partiya üzvünün Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etməsinə qəti etirazını bildirib. Qeyd edək ki, V.Milonov bundan əvvəl də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəfələrlə hörmətsizlik nümayiş etdirib.
Rusiya hakim partiyası üzvlərinin Azərbaycanın suverenliyinə qarşı atdıqları bu addımları necə qiymətləndirmək olar?
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, təəssüflər olsun, Rusiyanın bir çox siyasi dairələri də imperiya ambisiyalarından əl çəkə bilmirlər: “Biz bu tendensiyaları hakimiyyətin davranışında açıq görürük. Onlar elə bilirlər ki, çar Rusiyasında yaşayırlar, Azərbaycan və digər ölkələr də onların quberniyalarıdır. Belə hallara kəskin reaksiya verilməlidir. Dövlət başçısının etirazını təbii qəbul edirik. Ancaq gərək ilk növbədə bizim hakim partiyanın funksionerləri, oradan seçilən “lal” deputatlar danışardı. Biz və sizin kimi jurnalistlər bunu edir, bəs hakim partiya öz ranqında olan məsələyə niyə etiraz etmir? Hər xırda məsələni Prezidentin üzərinə atmaq da olmaz. Bu hadisə bir daha sübut edir ki, Azərbaycan Laçın dəhlizi ilə bağlı ciddi addımlar atmalıdır. Həmin dəhlizi tam nəzarətə götürməsək, belə hallar daha da intensivləşəcək. Eyni zamanda Qarabağda ermənilərin yaşadığı ərazilərdə də antiterror əməliyyatlarının həyata keçirilməsinin zamanı yetişib. Bizi buna vadar edirlər”.
Məhəmmədəli QƏRİBLİ