Qazaxıstanda yaşanan son olayların Azərbaycan və Türkiyənin diqqət mərkəzində olması təbiidir. Çünki Qazaxıstan Türk Dövlətləri Təşkilatının əsas üzvlərindən biri sayılmaqla yanaşı, həm də real türk birliyinin yaranmasında Orta Asiyanın digər respublikaları ilə müqayisədə daha çox maraqlı olması ilə diqqət çəkir.
Bu ölkə soykök, milli mənsubiyyəti etibarilə bizə ən yaxın ölkələrdən sayılır. Son 30 ildə Qazaxıstan Azərbaycana hər zaman isti münasibət bəsləyən bir ölkə kimi digərlərindən fərqlənib. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoyulması prosesində Qazaxıstan birmənalı olaraq Azərbaycanın yanında olub. Qeyd olunan məsələlərin hamısında Qazaxıstanın rolu və xidmətləri danılmazdır. O səbəbdən dost və qardaş ölkədə cərəyan edən prosesləri yaxından, həm də narahatlıqla izləməyimiz də anlaşılandır.
Hazırda həmin ölkədə baş verənlər ümumtürk inteqrasiyasına maneçilik törədəcəkmi?
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu hadisələr Türk inteqrasiyası ideyaları üçün də mənfi məna kəsb edə bilər: “Son zamanlar bu istiqamətdə işlər intensivləşib - bu da Rusiyanın regiondakı maraqlarını təhdid edir. Qazaxıstan Türk layihələrində mühüm rol oynayır. Bununla belə, ölkədəki sabitliyin daxili iğtişaşlarla pozulması və Rusiyanın mümkün nəzarətinin bərqərar olması Türk Dünyasının ayrıca nüfuzlu geosiyasi oyunçu kimi real birləşmə proseslərini əhəmiyyətli dərəcədə sarsıdır. Əgər kənar qüvvələr Qazaxıstanda baş verən hadisələrə bu və ya digər şəkildə müdaxilə etməyə, prosesləri öz geosiyasi maraqlarına uyğun məcraya yönəltməyə başlasalar, etiraz aksiyaları heç də qazax xalqının xeyrinə nəticələnməyəcək. Başa düşməliyik ki, son illərdə türk birliyi istiqamətində olduqca əhəmiyyətli addımlar atan Qazaxıstan kimi bir ölkəni tutduğu hazırkı yolundan döndərmək istəyən, onu tabeçilik halına gətirmək istəyən böyük güclər var. Qazağıstanın türk birliyinə inteqrasiya istiqamətində atdığı addımlar bu ölkənin böyük qonşularını heç də məmnun etmirdi. Onlar Qazaxıstanın Qərbyönlü və Turan birliyinə hədəflənmiş kursunu əngəlləmək üçün daim mümkün yollar axtarır, uyğun məqam gözləyirdilər. Bu məqam da yetişdi. Yəqin ki, Qazaxıstana bu yöndə ciddi maneçiliklər törədiləcək”.
Məhəmmədəli QƏRİBLİ