Belarus prezidenti Qazaxıstanı da Ukrayna kimi Qərbə “hədiyyə” etməyin yolverilməzliyini deyib. Rusiya mənbələrinin verdiyi məlumata görə, Belarus prezidenti Aleksandr Lukaşenko Qazaxıstanı “əldən buraxmağın” qəbuledilməz olduğunu “əsaslandırıb”.
Onun fikrincə, Qazaxıstan “əldən çıxarsa”, o da Ukrayna kimi Qərb üçün “hədiyyə” olacaq: “Biz gözəl başa düşürük ki, Qazaxıstanı əldən vermək olmaz. Vermək olmaz, vəssalam. Çünki bu halda o da Ukrayna kimi Amerika, NATO üçün hədiyyə olacaq. Ona görə də istəyirəm düzgün başa düşəsiniz ki, Belarusdan sülhməramlıların göndərilməsi haqda qərar nəyə görə qəbul edilib”.
Lukaşenkonun bu açıq mövqeyindən daha hansı nəticələri çıxarmaq olar?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Qazağıstanda baş verənlərin hamısında Rusiyanın və Lukaşenkonun özünün də əli var: “Ortaya çıxdı ki, oradakı oliqarxları səfərbər edən, 5-ci kolona silah verən, həmin silahlıları kənardan idarə edən məhz Rusiyadır. Bir gecənin içində 14 mindən çox hərbi desantı Qazaxıstana yeridən məhz Moskva oldu. Deməli, bu çoxdan işlənib hazırlanan bir əməliyyat olub. Mən başa düşmürəm, Lukaşenkoni niyə Qazaxıstanın özünə yol seçməsi narahat etməlidir? Həmin ölkənin haqqı var ki, siyasi oriyentasiyasını özü müəyyən etsin. Görən, bu kimə mane olur? Rusiya niyə postsovet məkanından əl çəkmir, orada “at oynatmaq” istəyir? Beynəlxalq hüquqla onların davranışı cinayət sayılır. Lukaşenkonun açıqlaması başdan-ayağa kimi təxribatçı mahiyyət daşıyır. Bir daha göstərir ki, qazax xalqının taleyi ilə oynamaq istəyirlər. Eləcə də, Orta Asiyada olan digər ölkələrlə bağlı analoji oyunları qura bilərlər. Mənim zənnimcə, istədiklərinə nail ola bilməyəcəklər. Nəhayət, Qərb və Bayden aydın görməlidir ki, ortaya konkret mövqe qoyulmalıdır. Almaniya qəzeti yazır ki, Putin özünü bahalı libas geyinən xuliqan kimi aparır. Hər halda, Putinin addımlarında beynəlxalq normalara zidd olan məqamları biz də görürük. Aydın şəkildə görünür ki, Putin bu üsullarla keçmiş SSRİ-ni bərpa edir”.
Məhəmmədəli QƏRİBLİ