İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ölkəmizdə fəaliyyət göstərən internet televiziyalarından birinin qonağı olub. O, Azərbaycan-İran münasibətlərindən danışıb. Səfir bildirib ki, ölkələr arasında gərginliyin aradan qaldırılmasında hər iki dövlət başçısının böyük rolu olub. Diplomat iki ölkə arasında ticarət mübadiləsi həcminin 1 milyard dollardan artıq olmasının planlaşdırıldığını bildirib:
“Həmçinin 8 illik müharibə dönəmində bizim minalardan təmizlik sahəsində çox böyük təcrübəmiz var. Biz Azərbaycan ərazisinin də minalardan təmizlənməsi prosesində əməkdaşlıqda maraqlıyıq. İki ölkə arasında gediş-gəlişin asanlaşdırılması da müzakirə olunub. İran Bakıya uçuşlar həyata keçirəcək”.
Səfir Zəngəzur dəhlizinin açılmasına münasibət bildirib:
“Biz regionda nəqliyyat marşrutları və kommunikasiya xətlərinin yenidən açılmasının tərəfdarıyıq. Azərbaycan ilk dəfə “3+3” formatı ilə çıxış etdi və İran da bu formatı dəstəkləyir”.
Həmçinin, İranın Ermənistanın Qafan şəhərində konsulluq açmasının səbəbi izah edilməyə çalışılıb. Səfir bildirib ki, İran-Azərbaycan münasibətlərinin gərginləşməsində İranın sabiq səfirlərinin və medianın rolu olub. Doğrudanmı belədir, yoxsa İran hakimiyyətini məsuliyyətdən yayındırmaq üçün atılan addımdır?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İran və Azərbaycanın "ziddiyyətli maraqları" zaman-zaman onların arasında gərginlik yaratsa da, "müştərək bağlar" bu ziddiyyəti kəskin toqquşmaya gətirib çıxarmağa imkan verməyib: “İki ölkə arasında münasibətlərin gərginlik xətti üzrə irəliləməsi sentyabrın 12-dən, Azərbaycan Gorus-Qafan yolunda polis postu qoyaraq İrana məxsus yük maşınlarını yoxlamağa başlamasından sonra müşahidə olunub.
Bundan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Prezident köməkçisi Hikmət Hacıyevlə görüşsə də, bundan bir-iki gün sonra həmin yoldan istifadə edən iki iranlı sürücü "Azərbaycan ərazilərinə qanunsuz girmə" ittihamı ilə saxlanıb.
Prezident İlham Əliyev xarici mediaya verdiyi müsahibələrin birində bildirib ki, Azərbaycan torpaqlarını azad etdikdən sonra da Qarabağa İrana məxsus yük maşınlarının girməsi məlumatlarını alıblar və bunu dayandırmaq üçün İranla "dostca danışıblar və buna son qoyulmalı olduğunu deyiblər".
İlham Əliyevin sözlərinə görə, iyul ayında verdiyi bu göstərişdən sonra İrana məxsus yük maşınlarına Ermənistan qeydiyyat nişanı yapışdırmaqla "Azərbaycanı aldatmağa çalışıblar".
Prezident bildirib ki, İrana iki xəbərdarlıqdan sonra Azərbaycan öz ərazisinə keçən yola nəzarət etməyə başlayıb və bununla Qarabağa gedən yük maşınlarının sayı sıfıra enib.
Azərbaycan təkcə yola nəzarət etməklə kifayətlənməyib, eyni zamanda İrana məxsus yük maşınlarının sürücülərini gömrük rüsumu ödəməyə cəlb edib. Həmin vaxt İranın daxili işlər naziri Ahməd Vahidi İsraili iki ölkə arasındakı dostluq əlaqələrini sarsıtmaqda ittiham edib. Deyib ki, İsrail Azərbaycanın əhəmiyyətli neft müştərilərindən biridir və eyni zamanda Azərbaycan İsraildən hərbi silah idxal edir. Yəni İran bütün resursları ilə Azərbaycanın üzərinə hücuma keçdi. Hətta sərhədlərimizdə genişmiqyaslı hərbi təlimlərə start verdi. Burda da səfir və medianın günahı var? Bunu tamamilə absurd bir izah sayıram”.
Məhəmmədəli QƏRİBLİ