Dünyanın diqqətinin cəmləşdiyi Qazaxıstanda baş verən hadisələrin hansı sonluqla başa çatacağı xüsusi maraq doğurur. Baş verənlərin geosiyasi maraq toqquşmalarından qaynaqlandığı da sirr deyil.
Məsələ burasındadır ki, Çin, ABŞ, Avropa və təbii ki, Rusiyanın maraqları Orta Asiyanın bu önəmli ölkəsində toqquşur. Bundan başqa, yeni qlobal güc olma yolunda sürətlə irəliləyən Türkiyə də türk dövlətləri ilə əlaqələrini genişləndirib. Bura Qazaxıstan da daxildir. Amma görünən odur ki, bu dəfə də Rusiya qaba güc yolu ilə rəqiblərini Qazaxıstandan sıxışdırıb çıxarmağı hədəfləyir. Hər halda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin Qazaxıstana yeridilməsi də bunu təsdiq edir. Qurumun mətbuat katibliyi bu xüsusda bildirir: “Yanvarın 6-da qəbul edilmiş qərara uyğun olaraq, vəziyyəti sabitləşdirmək və normal məcraya yönəlmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Sülhməramlı Qüvvələri məhdud müddətə Qazaxıstan Respublikasına göndərilib”. Hərbi qurumun tərkibinə Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstanın silahlı qüvvələrinin bölmələri daxildir. KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələrinin əsas vəzifələri mühüm dövlət və hərbi obyektlərin mühafizəsi, vəziyyətin sabitləşdirilməsi və hüquqi müstəviyə qaytarılmasında Qazaxıstan hüquq-mühafizə qüvvələrinə köməklik göstərməkdir. Qeyd olunur ki, Rusiya Federasiyasından Kollektiv Sülhməramlı Qüvvələrinin tərkibinə Hava Desant Qüvvələrinin bölmələri və hərbi hissələri daxil edilib.
Xatırladaq ki, daha əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə baş verənləri xarici təcavüz kimi qiymətləndirib və KTMT-yə müraciət edib. Tokayev Almatıdakı iğtişaşların təşkilatçılarını “terrorçu dəstələr” adlandırıb. İndi baş verənlər göstərir ki, Qazaxıstan artıq xarici güclərin rəqabət poliqonuna çevrilib. Hələ 2021-ci ilin son günlərində Rusiya mediası həyəcan təbili çalaraq haray salırdı ki, Çin Qazaxıstanda güclənir və ölkənin enerji resurslarının ixracına, silah bazarına və təhlükəsizlik məsələlərinə iddia edir. Bununla belə, Rusiya ilə Çinin hər ikisinə ABŞ-ın Qazaxıstandan sıxışdırılıb çıxarılması sərf edir, amma Pekinlə Moskvanın özünün də maraqları toqquşur. Vaşinqton elə əvvəldən Qazaxıstana Mərkəzi Asiyada özünün prioritet tərəfdaşı kimi baxıb. Bu vəziyyətdə Qərb də, Rusiya da, Çin də beynəlxalq qarşıdurmada Qazaxıstanı öz tərəfində görmək niyyətlərini ifadə edir. “Taliban” Əfqanıstanda hakimiyyətə gəldikdən sonra Qərbin prioritetlərində Mərkəzi Asiya əsas yerə gətirildi, Rusiya ilə Çin isə Qərbin düz “qapısının ağzına” gəlməsini istəmir. Rusiyalı hərbi ekspert İqor Korotçenko bunlar fonunda bildirir: “Əgər hər şeyi öz adı ilə adlandırsaq, Qazaxıstanda baş verən hadisələr ya dövlət çevrilişinə cəhd, ya silahlı üsyan, ya da reallaşan rəngli inqilabdır”. Onun sözlərinə görə, Tokayev Konstitusiyaya uyğun olaraq bütün səlahiyyətlərindən istifadə edib iğtişaşların yatırılması üçün müvafiq hüquq-mühafizə orqanları və Silahlı Qüvvələrdən istifadə edərsə, vəziyyət nəzarətə götürülə bilər: “Eyni zamanda, hakimiyyət bir tərəfdən üsyançıların əməllərini sərt şəkildə yatırmalı, digər tərəfdən isə “ağıllı və adekvat etirazçılar”la dialoq aparmalıdır. Əgər hakimiyyət zəiflik, çaşqınlıq, özünə inamsızlıq, təhlükəsizlik işçilərinə güvənməkdə acizlik nümayiş etdirirsə, bu halda hakimiyyətin zorakılıqla dəyişməsi də daxil olmaqla, çox acınacaqlı nəticələr gözləyə bilər”.
Belə görünür ki, Qazaxıstan iqtidarı güc yolu ilə məsələni çözməkdə israrlıdır. Amma bu vəziyyətdə Rusiya da artıq Qazaxıstanda özünə yer edir və bu da səbəbsiz deyil. Türkiyənin “Yeni Akıt” nəşri bu fonda yazır ki, Tokayevin Rusiyadan, KTMT-dən dəstək istəməsi qarşılığında Kreml “bəzi şərtlər” irəli sürüb. Bura aşağıdakılar daxildir: Krımın ilhaqının tanınması, rus dilinin ikinci rəsmi dil kimi bərpa olunması, Rusiyaya hərbi bazaların və Qazaxıstandakı ruslara (ölkənin şimalına) muxtariyyət verilməsi! Rusiyanın bu şərtləri səsləndirib-səsləndirmədiyi haqda hər hansı rəsmi açıqlama olmasa da, bu iddianın yayılması olduqca ciddi məsələdir. Başqa sözlə, bu şərtlər əslində Qazaxıstan olaylarının arxasında xarici qüvvələrin dayandığını təsdiqləyəcək səviyyədədir. Bu şərtlər Qazaxıstanda Ukrayna ssenarisinin həyata keçirilməsi deməkdir. Uzun müddətdir, Donbas kimi, Qazaxıstanın da şimal torpaqlarına iddialar səsləndirən rusiyalı siyasətçilərin təsadüfən danışmadığı ortadadır. Ekspertlərə görə, baş verənlərdən sonra Qazaxıstanla Rusiya arasında dərin inteqrasiya, yəni Belarus ssenarisi aktullaşacaq. Kreml Qazaxıstanın Türk Dövlətləri Təşkilatı daxilində inteqrasiyasına əngəl olacaq. Moskva “Bir kəmər, bir yol” layihəsinin Orta Asiyadan keçməsini əngəlləyərək Çinin bu regiona təsirini zəiflədəcək. Elə politoloq Qabil Hüseynlinin fikrincə də, Qazaxıstanda baş verən hadisələrin arxasında Rusiyanın dayanması faktorunu düşünən analitiklər düzgün mövqe tutublar: “Qazaxıstanın son dövrlərdə həyata keçirdiyi siyasət, rus dilinin dövlət idarələrindəki statusunun ləğv edilməsi, rus dilinin dövlət dili statusundan məhrum edilməsi, eləcə də kirill əlifbasından latın qrafikalı əlifbaya keçilməsi, Qərbə doğru müəyyən reveranslar, hətta qərbyönümlü siyasət barəsində səsləndirilən fikirlər, üstəlik də bəzən rusdilli əhali ilə yerli əhali arasında məhz fikrini ifadə etmək məsələsində müəyyən xırda qarşıdurmaların olması da bu fikirləri söyləməyə əsas verir”.
Samirə SƏFƏROVA