Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müraciətində qonşu ölkələrimizlə olan münasibətlərdən danışıb: “Bizim qonşu dövlətlərlə əlaqələrimiz uğurla inkişaf etdi. Bu əlaqələr ənənəvi olaraq dostluq, əməkdaşlıq üzərində qurulub. Türkiyə ilə bu il imzalanmış Şuşa bəyannaməsi Türkiyə-Azərbaycan əlaqələrini rəsmən müttəfiqlik səviyyəsinə qaldırır, halbuki faktiki olaraq bu, müttəfiqlik əlaqələri idi, amma bu, artıq rəsmən təsdiqləndi və əlbəttə ki, bu bəyannamənin Şuşa şəhərində imzalanmasının xüsusi mənası var idi”.
Dövlət başçısı daha sonra Rusiya ilə münasibətlərin perspektivinə toxunub: “Rusiya ilə əlaqələrimiz uğurla inkişaf edir. Əminəm ki, növbəti dövrdə Rusiya ilə də bizim əlaqələrimiz daha yüksək səviyyəyə rəsmən qaldırılacaqdır. Digər qonşularla, İran və Gürcüstanla daim təmaslar əsnasında, fikir mübadiləsi əsnasında dostluq və tərəfdaşlıq əlaqələri daha da inkişaf etmişdir. Artıq regionda çoxtərəfli əməkdaşlıq platformu formalaşır və əlbəttə ki, bu, bizim maraqlarımıza cavab verir”.
Prezidentin fikirlərində diqqət çəkən məqam Rusiya ilə bağlı söylənəndir. Ölkə başçısı Rusiya ilə daha yüksək səviyyədə rəsmiləşmə deyəndə Azərbaycanın KTMT və ya Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatına üzvlüyü ilə bağlı məsələni, eləcə də Ermənistanla sülh sazişi imzalanandan sonra, Qarabağdakı Rusiya qoşunları ilə bağlı hansısa yeni müqavilənin bağlana bilməsini nəzərdə tuta bilərmi?
Poltoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, bu açıqlamada diplomatik jest də hiss edilir: “Rusiyanın özü də hesab edir ki, Azərbaycanla münasibətlərdə strateji tərəfdaşlıq inkişaf edərək, daha da dərinləşir. Ticarət əlaqələri daha da genişlənib. Ticarətin ümumi dövriyyəsi yarım milyardı ötüb keçib. Ölkə Prezidenti çox güman ki, Rusiyanın bölgədəki dominant roluna uyğun olaraq bu fikirləri söyləyib. Bu dominantlıq özünü Ermənistanla sülh müqaviləsinin imzalanmasında göstərə bilər. Bununla əlaqədar olaraq, biz Rusiyadan proseslərdə obyektivlik gözləyirik. Hələ ki , Rusiyanın mövqeyindən razıyıq. Bizim ərazi bütövlüyümüzü tanıyır. Həmin ölkə ilə ehtiyatlı mövqenin saxlanılması dövlətin nəzərdə tutduğu əsas prioritetlərdən biridir. Bu il də münasibətlərimizin yüksək səviyyədə olması bölgədə sülhün təminatına ciddi töhvə verəcək. Rusiyanın nəzarəti altında olan birliklərə müşahidəçi və ya daimi üzv kimi qəbul edilə biləcəyimizi də istisna etmirəm. Ancaq bunun üçün Rusiyanın münasibətindəki obyektivlin qorunub saxlanması və davamlı olması lazımdır. Prezident ola bilər ki, bu məqamları da nəzərdə tutduğu üçün yüksək rəsmiləşdirmədən danşıb”.
Məhəmmədəli QƏRİBLİ