Hindistandan Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik baş verib. Məsələ ondadır ki, erməni rejissor Nora Martirosyanın Qarabağ haqqındakı separatçı ruhlu “Külək sakitləşəndə” bədii filmi Hindistanda keçirilən 19-cu “Pune” beynəlxalq film festivalında (PIFF) “ən yaxşı beynəlxalq film” nominasiyasında “Prabhat” mükafatını qazanıb.
Erməni mediası bu barədə Ermənistan milli film mərkəzinə istinadla məlumat yayıb.
Sözügedən film Fransa, Ermənistan və Belçikanın birgə istehsalıdır. Film özünü “müstəqil” elan etmiş separatçı erməni rejiminin Xankəndidə yeni tikdirdiyi hava limanına gələn Fransa hava limanlarının auditoru Allenin hekayəsindən bəhs edir. Filmlə bağlı daha sonra bunlar deyilir: “Özünü düşmən dövlətlər və qeyri-sabit sərhədlərlə əhatə edən bu ölkə müstəqillik savaşından sonra yenidən ayağa qalxmağa çalışır. Allen bu hava limanının beynəlxalq açılış standartlarına cavab verib-vermədiyini düşünməlidir”.
Azərbaycan dövlət olaraq Hindistanın daxili işlərinə qarışmır. Baxmayaraq ki, ölkə daxilində milli zəmində bir sıra problemlər mövcuddur və illərdir Hindistan bundan əziyyət çəkir. O baxımdan separatizmlə bağlı məsələlərdə Hindistan daha diqqətli və həssas olmalıdır. Ancaq məlum olur ki, bu ölkə Ermənistanla yaxın olan münasibətlərdən çıxış edərək erməni separatçıları ilə bağlı filimi nəinki görməzdən gəlir, hətta xüsusi şəkildə mükafatlandırılmasına şərait yaradır.
“Ermənilər hiyləgər mövqedən çıxış edərək belə məqamlardan sui-istifadə edirlər”
Məsələyə münasibət bildirən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlının fikrincə, Hindistan tərəfindən belə bir addımın atılması təəssüf doğurur: “Əvvəla, Hindistana münasibətdə Azərbaycanın mövqeyi bəllidir. Biz Qoşulmama Hərəkatı üzvləri ilə daim münasibətlərimizi saxlayırıq. O cümlədən, Hindistanla. Separatçılarla bağlı filmin mükafatlandırılması təsadüfi deyil. Belə xoşagəlməz addımın atılmasının əsas səbəbu Azərbaycanın Pakistanla olan yaxın münasibətləridir. Çünki Hindistanla Pakistan arasında ərazi mübahisəsi və digər problemlər var. Söhbət Kəşmir problemindən gedir. O da məlumdur ki, 44 günlük müharibədə Pakistan Azərbaycanın yanında oldu. Hər yerdə bizim haqq işimizi dəstəklədi. Bütün bunlar Pakistana qarşı düşmənçilik mövqeyindən çıxış edən Hindistan siyasətçilərinin xoşuna gəlmir. Bu da filmlə bağlı atılan yanlış addımın kökündə dayanır. Ancaq Hindistanın separatçılığı təbliğ edən filmi mükafatlandırması bu ölkənin əleyhinə işləyir. Çünki Hindistan da separatçılıqdan əziyyət çəkir və ölkə daxilində buna bənzər çoxsaylı problemlər var. Ona görə də gərək Hindistan bu məsələdə diqqətli davranaydı. Burada diqqəti çəkən məqam həm də odur ki, ermənilər hiyləgər mövqedən çıxış edərək belə məqamlardan sui-istifadə edirlər. O baxımdan biz hər zaman daha diqqətli olmalıyıq”.
Professor onu da əlavə etdi ki, sözügedən məsələlər Hindistan rəhbərliyinin diqqətinə çatdırılmalıdır.
Vidadi ORDAHALLI