Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələri "Media haqqında" yeni qanun layihəsinin üçüncü oxunuşda ictimai müzakirəsini keçirib.
Müzakirələrin gedişi zamanı Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli diqqətə çatdırıb ki, “Media haqqında” qanunla bərabər digər normativ-hüquqi aktlara da müvafiq dəyişikliklər olmalıdır. Çıxış edən jurnalistlərdən bəzilərinin suallarını cavablandırarkən isə Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov media subyektləri və jurnalistlərə veriləcək imtiyazlar paketi ilə bağlı müzakirələrin getdiyini vurğulayıb: “İmtiyazlar paketi ilə bağlı müzakirələr gedir. Sadəcə bizə sual verirlər ki, güzəştlər nə qədər adama şamil ediləcək. Bu qanun qəbul edildikdən sonra güzəştlərlə bağlı qanunvericilik layihəsi hazırlanacaq və daha sonra müzakirəyə təqdim olunacaq”.
Jurnalistlərə güzəştlərin tətbiqi ilə bağlı qanunvericiliyin qüvvəyə minməsi media mənsublarının problemlərini hansı səviyyədə həll etmiş olacaq?
“Cümhüriyyət” qəzeti və “Cəbhə.info” saytlarının baş redaktoru Rəfail Becanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə bir yeniliyə jurnalistlərin doğrudan da ehtiyacı var: “Jurnalistlər digər kateqoriya insanlara şamil olunan güzəştlərin heç də hamısından istifadə edə bilmirdilər. Həmkarlarımız adicə bir banka kredit almaq üçün müraciət edəndə belə, onların haqqı tanınmırdı. Cünki redaksiyalara etibarsız tərəfdaş kimi baxdıqları üçün banklar bizimlə əməkdaşlıq etməkdən çəkinirdilər. Jurnalistlərin vahid reyestri yaradılandan sonra isə sosial güzəştlərlə bağlı müəyyən imkanlar və hüquqlar əldə etmək mümkün olacaq. Bu gün Azərbaycanda sosial evlər tikilir, ancaq jurnalistlər bu imkandan yararlana bilmir. Kriteriyalara görə jurnalistlər ora uyğun gəlmir. Reyestrlə bağlı məsələ həllini tapacaqsa, bunun media mənsublarının sosial problemlərinin həllinə müsbət təsiri olacaq. Jurnalistlər üçün iki bina tikilib, üçüncü binanın da jurnalistlərə verilmə ehtimalı var. Bu, jurnalistlərin mənzillə bağlı ehtiyaclarını tam ödəmir. Gələcəkdə bu proses davam etməyəcəksə, jurnalistlər sosial evlərdən bəhrələnə bilərlər. Müxtəlif kreditlərin alınması və nəqliyyatdan güzəştli istifadə də bura şamil oluna bilər. Bu yeniliklərin hamısı təqdirəlayiqdir. Eyni zamanda, qanunvericilikdə olacaq bu yeniliklər jurnalistlərin fəaliyyətinin stimullaşmasına da müsbət təsir göstərəcək”.
Məhəmmədəli QƏRİBLİ