Ermənistan və Azərbaycanın mədəniyyət xadimlərinin Moskvada görüşü humanitar xarakter daşıyıb, siyasi mövzulara toxunulmayıb. Görüşdə iştirak edən erməni nümayəndə heyətinin üzvü Marianna Mxitaryan deyib ki, Azərbaycan nümayəndə heyəti 4 nəfərdən ibarət idi, 3-ü kişi və biri qadın. Onlardan 3-ü ali məktəb rektoru, biri isə kinotənqidçi olub.
Onun sözlərinə görə, görüşdə erməni tərəfindən İrəvan Dövlət Tibb Universitetinin rektoru Armen Muradyan, Dövlət Kukla Teatrının bədii rəhbəri Ruben Babayan və rejissor Arutyun Xaçatryan iştirak edib.
Mxitaryan deyib ki, onlar Moskvada Ermənistan hökumətini təmsil etməyiblər.
Onun sözlərinə görə, görüş zamanı erməni tərəfi bir neçə dəfə vurğulayıb ki, dialoq yalnız erməni əsirlərin qaytarılmasından sonra başlaya bilər:
“Azərbaycanlı nümayəndələr bizə dedilər ki, sizin oğlanlarınız mütləq qayıdacaqlar. Onlar minalanmış sahələrlə bağlı suallarının olduğunu bildirdilər. Cavab verdim ki, bizim münasibətlərimizdə, obrazlı desək, minalanmış sahələr çoxdur. Və ilk növbədə bu problemləri həll etmək lazımdır”.
Qeyd edək ki, görüşdə Azərbaycanı Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova təmsil edib.
Görüşə vasitəçiliyi Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy edib. Onun sözlərinə görə, Azərbaycanla Ermənistanın vətəndaş cəmiyyətləri arasında dialoq Rusiya üçün çox vacibdir: “Məncə, bu cür düzgün atmosfer yaratmadan nəyəsə nail olmaq mümkün deyil. Heç olmasa, hər iki cəmiyyətdə bu anlayış olmalıdır ki, “biz qonşuyuq və dünya xəritəsini dəyişə bilmərik”.
Çox maraqlıdır ki, bu görüş keçirilən ərəfədə Ermənistan katolikosu tamamilə avantürist bəyanatlar səsləndirib. Bütün erməniləri birləşməyə və düşmənə qarşı mübarizəyə səsləyib. Bir din xadiminin düşmənçilik toxumu səpərək öz millətini sülhə deyil, qana çağırmasından sonra hansı xalq diplomatiyası, sülhə hazırlıqdan söhbət gedə bilər? Katolikosun bu mövqeyinə nə Mixail Şvidkoy, nə də görüşdə iştirak edən Azərbaycan nümayəndə heyətindən kimsə cavab verib.
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hazırkı məqamda bu formatda görüş Azərbaycana qəti lazım deyil: “Əsrlər boyu ermənilər bizimlə düşmənçilik aparıb. Hələ məğlubiyyətdən özlərinə tam gəlməmiş, katolikos özünü müdafiə naziri kimi aparır. Din xadimi belə olan millətdən hansı humanizmi gözləmək olar? Bu formatda olan görüşdə iştirakı qabaq Avropa təsisatları təbliğ edirdi. Xalq diplomatiyası adı ilə bizi təslimçi sülhə hazırlamaq istəyirdilər. Nə oldu? 30 il ərzində həmin bu adamlar gedib ermənilərlə yeyib-içib geri döndülər. Sülhə doğru hansı addım atıldı? İndi də ermənilərə birgəyaşayışın ən gözəl modelini Azərbaycan dövləti təklif edir. Qəbul etsinlər, bununla da iş bitsin. Görürsünüz ki, qəbul etmək istəmirlər. Erməni ideologiyasını formalaşdıran onların kilsəsidi. Katolikos ermənilərin necə “sülhə meylli” olduğu haqda aydın təsəvvür yaratdı. Mən təəssüf edirəm ki, görüşdə iştirak edən ziyalılarımız və təşkilatçılar bu məsələyə münasibətlərini açıqlamadılar”.
Məhəmmədəli QƏRİBLİ