Müvəqqəti olaraq sülühməramlıların nəzarətində olan Azərbaycanın Qarabağ bölgəsində separatçılar yenə də təxribatçılıqla məşğul olurlar. Əli hər yerdən üzülən separatçıbaşı Araik Artunyunyan indi də “Qarabağın rus icması” kartından istifadə etməyə başlayıb.
Separatçıbaşı Artunyunyan dekabrın 27-də rus icmasının rəhbəri Aleksandr Bordovun rəhbərlik etdiyi “nümayəndə heyət”ini “qəbul edib”. Araik utanmadan Qarabağda yaşayan rusları “Arsax vətəndaşı” adlandırıb və onların hər qayğısına “qalınacağı” barədə “vəd verib”. Araik bir məsələni unudur ki, “Arsax respublikası” adlandırdığı separatçı, qondarma rejim çoxdan dəmir yumruq tərəfindən əzilib məhv edilib və hazırda Qarabağda yaşayan ruslar da birbaşa Azərbaycan vətəndaşlarıdır.
Xankəndidə çox az sayda rus yaşayır və onlar da Azərbaycan vətəndaşlarıdır. Amma separatçıbaşı Artunyunyan onları “Arsax respublikası” “vətəndaşı” kimi qələmə verir və onları “Arsax vətəndaşı” adlandırmaqla şantaj edir. Halbuki, Araikin və digər separatçıların bu davranışları qanunaziddir. Separatçıların Azərbaycanın Xankəndi şəhərində yaşayan rusları “Arsax vətəndaşı” kimi təqdim etməsinə sülhməramlı kontingentin rəhbərliyinin münasibət bildirməsi vacibdir.
Ekspertlərin fikrincə, A.Artunyunyan hazırda Xankəndidə yaşayan ruslardan Rusiyanın özünə qarşı istifadə edir, belə rəy yaratmaq istəyir ki, guya orada rus icmasına gözün üstə qaşın var deyən yoxdur və sair. Ekspertlərə görə, Araik təkcə rus icmasını deyil, sülhməramlıların özlərini də bununla şantaj edir.
“Sülhməramlılar separatçıbaşına bu cür təxribatlara görə xəbərdarlıq etməlidir”
AMEA-nın Sosiologiya və Fələsəfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, BAO başqanının Türk Dünyası ilə əlaqələr üzrə müavini Faiq Ələkbərlinin sözlərinə görə, əslində burada bir hiyləgərvari oyun oynanılır. “İndi qədim Azərbaycan, türk torpağında ermənilərdən sonra rusların da varlığından bəhs olunması təsadüfi deyil. Azərbaycan Sovetlər tərəfindən işğal edildikdən sonra bu bölgədə məskunlaşdırılmış ermənilərin və rusların hansısa qondarma, mövcud olmayan rejimin “vətəndaşları” kimi təqdim edilməsi yolverilməzdir. Bu anlamda Xankəndidə yaşayan beş-on nəfər rus da, erməni də Azərbaycan vətəndaşlarıdır. Əgər onlar Azərbaycan dövlətinin əraziləri daxilində yaşayırlarsa, birmənalı olaraq bizim vətəndaşlardır. Burada məsələni tamam başqa yerə sürükləmək, hansısa Araikin bunu tamam başqa mənada yozması təxribatdır. Görünür ki, sülhməramlılar özləri Araikə bu təxribat üçün şərait yaradırlar. Qarabağdakı beş-on rusun “icma” adlandırılması və onların “Arsax vətəndaşı” kimi təqdim edilməsi bir siyasi oyundur. Separatçıbaşı Xankəndidə yaşayan ruslardan öz çirkin məqsədlərini və təxribatlarını həyata keçirmək üçün istifadə edir. Araik Qarabağdakı rusları “Arsax vətəndaşı” adlandırmaqla, əslində Rusiyanın özünü şantaj edir ki, bizi müdafiə etməsən buradakı ruslar üçün yaxşı olmayacaq”.
F.Ələkbərli hesab edir ki, Rusiya sülhməramlı kontingenti də, rəsmi Bakı da bu məsələyə sərt reaksiya verməlidir. “Sülhməramlılar separatçıbaşına bu cür təxribatlara görə xəbərdarlıq etməlidir. Yəni Qarabağdakı rusların Azərbaycan vətəndaşları olduqlarını bir daha ona xatırlatmalıdır. Amma görünür ki, onların heç bir halda səsi çıxmır. Rəsmi Bakının mövqeyi də çox sərt olmalıdır. Çünki olmayan rejimin varlığından bəhs olunması bizim üçün əlavə problemlər yarada bilər. Ümid edirəm ki, rəsmi Bakı ilə Rusiya arasındakı danışıqlarda bu məsələ haqda açıq-aydın danışılmalıdır. Yəni mövcud olmayan bir rejimin “vətəndaşları” necə ola bilər? Onlar “Arsax vətəndaşı” ola bilməzlər, onlar Azərbaycan vətəndaşlarıdır. Bu ərazi də BMT tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınır. Bu baxımdan bu cür təxribatların ortaya atılması, bunun “təbii hal” kimi formalaşdırılmasına cəhdlərin edilməsinə adi yanaşmaq olmaz. Rəsmi Bakı bu məsələlərdə öz prinsipial mövqeyini ortaya qoymalıdır, çünki bu cür anlayışlar qəbuledilməzdir”.
F.Ələkbərli qeyd etdi ki, separatçı rejim məhv edilib, onların tör-töküntüləri ilə də bağlı bu cür təxribatları davam etdirməmələri üçün çox tezliklə qərar qəbul edilməlidir.
İradə SARIYEVA