Ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq Ermənistanın Azərbaycan torpaqlarında həyata keçirdiyi işğala və uzunmüddətli anneksiya siyasətinə keçən il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində müzəffər Azərbaycan Ordusu tərəfindən son qoyuldu, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Bununla da Cənubi Qafqazda Azərbaycanın siyasi üstünlüyü ilə yeni geosiyasi vəziyyət formalaşdı.
Ancaq bütün bunlara baxmayaraq, Ermənistanda revanşist çağırışlar səngimək bilmir. Heyrət doğuran məqam odur ki, erməni kilsəsi, din xadimləri bunun önündə gedir. Hansı ki, din xadimləri barışdırıcı missiya ilə çıxış etməlidir. Ancaq bunun tam əksini görürük. Böyük Kilikiya Evinin katolikosu I Aram Yeni illə bağlı erməni xalqına müraciət edib. Müraciətində din xadiminə xas olmayan mürtəce çağrışlar öz əksini tapıb: “Bu gün Türkiyə, Azərbaycan Ermənistan və bütün regionla bağlı panturan strategiyası həyata keçirirlər. Odur ki, ayıq və uzaqgörən olaq. Həqiqətən də Azərbaycanla “Artsaxın” Azərbaycanın ərazi bütövlüyünə daxil olduğu hər hansı müqavilənin imzalanması əslində Müstəqillik Bəyannaməsi və Ermənistanın konstitusion prinsiplərinin pozulması olardı. Diaspor belə təhlükəli addımlara biganə qala bilməz. Nədənsə biz döyüşdə məğlub olduq, amma müharibədə yox. Ermənistanın və “Artsaxın” müstəqilliyini möhkəmləndirmək və milli hüquqlarımızı bərpa etmək üçün ümumerməni mübarizəsi davam edir. Ermənistan ordusunu yenidən təşkil etmək və müasir silahlarla təmin etmək lazımdır”.
Bax, budur erməni din xadimlərinin xisləti. Xalq diplomatiyasından çıxış edib ermənilərlə görüş keçirən ziyalılarımız sadəlövhcəsinə nəyəsə ümid edirlər. Halbuki, belə görüşlərin heç bir əhəmiyyəti yoxdur. Erməni din xadimləri kin və nifrət qusursa, qarşı tərəfdən hansısa humanist addım gözləməyə dəyərmi?
“Erməni faşizminin əsas ideoloqlarından biri kilsədir”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin fikrincə, bütün bunlar onu göstərir ki, ermənilərə əsla etibar etmək olmaz: “Çünki ermənilər qədər məkrli, riyakar millət dünyanın heç bir yerində yoxdur. Bütün fitnəkarlıqların da başında duran erməni kilsəsidir. Çünki erməni kilsəsi şər yuvasıdır. Həmin şər yuvasından da hər an təhlükə gözləmək olar. Bütün bunlar onu göstərir ki, 44 günlük Vətən müharibəsində Ermənistan ciddi məğlubiyyətə uğrasa da, bunlar bir addım da iddialarından geri çəkilmək fikrində deyillər. Erməni faşizminin əsas ideoloqlarından biri kilsədir. Biz bunu Birinci Qarabağ müharibəsində də, ondan sonrakı dövrlərdə də gördük. Ona görə də biz son dərəcə ehtiyatlı olmalıyıq. Ermənilərlə nə qədər danışıq aparsaq da, onlara əl uzatsaq da xeyri yoxdur. Ona görə də xalq diplomatiyasından çıxış edib kimsə özünü aldatmasın. Azərbaycanın din sahəsində olan şəxslər ortaya mövqe qoymalıdır. Erməni kilsəsinin faşist yönümlü çağırışlarına sərt cavab verməlidirlər. Oturub nəyisə gözləməklə ümumi işə fayda vermək olmaz. Yaxşı olardı ki, onlar aktiv mövqe ortaya qoysunlar. Dövlətçilik məsələsində fəal olmalıdırlar”.
Partiya sədri bir daha qeyd etdi ki, ermənilərə etibar etmək olmaz.
Vidadi ORDAHALLI