Azərbaycan və Ermənistandan bir qrup ziyalı Moskvada Rusiyanın vasitəçiliyi ilə görüşüb. Bu görüşdə Azərbaycanı Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Ermənistanı Yerevan Dövlət Tibb İnstitutunun rektoru Armen Muradyan, Hovhannes Tumanyan adına Dövlət Kukla Teatrının bədii rəhbəri Ruben Babayan, Stanislavski adına Teatrın direktoru Marianna Mxitaryan və rejissoru Harutyun Xaçatryan təmsil edib.
Görüşdə iştirak edən Fərhad Bədəlbəyli bildirib ki, ermənilərin mövqeyində yerlə-göy qədər fərq hiss edib: “O illərdə biz tamam başqa rolda çıxış edirdik. İndi biz yerlərimizi dəyişdirmişdik. İndi qalıb bizik. Buna görə, əlbəttə, söhbətin tonu tamam başqa idi. Onlar 12 il əvvəl - görüş 2008-ci ildə olmuşdu,- bir az, necə deyim, çox sərbəst idilər, deyirdilər ki, "gəlin dost olaq", "gəlin müharibəni yaddan çıxardaq". İndi isə biz bunu deyirik ki, müharibə qurtardı, gəlin planlaşdıraq ki, gələcəkdə bir-birimizlə normal yaşayaq”.
Artıq Azərbaycan öz gücünə bölgədə yeni reallıqlar yaradıbsa, bu formatda görüşlərə nə ehtiyac var? Bir qrup adamlar var ki, uzun müddətdir bu formatı canlandırmağa çalışıblar. İctimai diplomatiya adı altında xalqları yaxınlaşdırmağa cəhdlər ediblər. Hətta ərazilərimiz işğalda olduğu vaxt da belə görüşlər bir neçə dəfə olub. Ortaya hansı müsbət nəticə qoyuldu? 30 il ərzində heç bir etimadı yarada bilmədilər. Yalnız gedib ermənilərlə yeyib-içib şəkil çəkdirdilər ki, bu da xalqımızda böyük qıcıq oyatdı. Hazırkı məqamda xalqları sülhə hazırlamağın ən böyük təsirli qüvvəsi elə Ermənistandakı hakimiyyətin özüdür. Azərbaycan müharibə tərəfdarı deyilsə, niyə bizim ziyalılar həmin formatda görüşdə iştirak edir? Əslində bu cür format Azərbaycanın maraqlarına ziddir. Belə çıxır ki, güya Azərbaycan indiyə kimi müharibə istəyirdi, bundan sonra başlayıb barışıq yolunu tutmağa. Belə olan təqdirdə, ermənilərlə ictimai diplomatiya mövzusunda təmaslara ehtiyac varmı?
İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu, kökündən yanlış bir addımıdır: “Azərbaycandan bu tərkibdə olan adamlar işğal dönəmində də gedib ermənilərlə yeyib-içib şəkil çəkdirib geri dönürdülər. Bunu xalqın ən çətin zamanında edirdilər. Hər zamn da ictimai qınaqla rastlaşırdılar. Bu formatın bir effekti olsaydı, ermənilər işğaldan bir addım geri addım atardılar. Biz bunu görmədik. Azərbaycan əsgəri öz qanı bahasına torpaq azad edib. Biz onlara deyirik ki, qalın vətəndaşımız kimi Qarabağda yaşayın. Bundan artıq nə etməliyik? Ermənistanın özü bu istiqamətdə addım atmalıdır. Biz hər zaman sülhün tərəfində olmuşuq. İstər müharibədən əvvəl, istərsə də postmüharibə zamanı. Bu baxımdan da, hazırda belə formatda görüşlərə ümumiyyətlə ehtiyac duyulmur. Mən də hesab edirəm ki, belə mövqe bizim milli maraqlarımıza ziddir. Onlar sülhsevər olsaydı, tarix boyu qanımıza susamazdılar. Sülhü onlara Azərbaycan dövləti təklif edir. Buyursunlar addım atsınlar”.
Məhəmmədəli QƏRİBLİ