Hakim Yeni Azərbaycan Partiyasının çox güclü potensialı var. Bu danılmazdır. Partiyanın gücü onun uzun müddət hakimiyyətdə qala bilməsində özünü daha aydın şəkildə büruzə verir. Təbiidir ki, bütün bu nailiyyətlərin əldə olunmasında təbliğat və təşviqat işlərinin böyük əhəmiyyəti olub. Hazırda parlamentdə də hakim partiya liderlik edir. Deməli, hakim partiyanın həm də mediaya danışan, müxalifətin istənilən arqumentlərini alt-üst etməyi bacaran funksionerləri olmalıdır. Ancaq bəzi müzakirələrdə və təşkil olunan televiziya formatındakı debatlarda biz bir qədər fərqli mənzərənin şahidi oluruq. Ən azından, jurnalist praktikamızdan da görürük ki, müxtəlif mövzularla bağlı YAP funksionerlərini tapıb danışdırmaq sarıdan qıtlıq çəkirik. Uzun müddət əməkdaşlıq etdiyimiz elə YAP funksionerləri var ki, ümumiyyətlə zənglərə cavab vermirlər. Araşdırdıqda məlum olur ki, problem yalnız bizlə əlaqəli deyil. Digər media resursları da analoji vəziyyətlə üzləşməli olur. Fərqli fikirin nümayədələri olan müxalif cameədə isə istənilən mövzu ilə bağlı danışmağa, media ilə təmas qurmağa meyl daha çoxdur. Son vaxtlar sayı artan internet televiziyalarında təşkil olunan siyasi debatlarda da YAP-ı təmsil edən, müxalifətçilərin önünə çıxa bilən eyni adamları görürük. Onların da əksəriyyəti yorğun və həvəssiz görünür. Əslində başadüşüləndi, çünki eyni adam nə qədər müxalif fikrin daşıyıcısı olan opponentlərinin qabağına çıxmalıdır?
Bu vəziyyətlə bağlı klassik YAP-çılardan olan və daima partiyanın mövqeyinin müdafiəsində fəallıq göstərən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin münasibətini öyrəndik. O, “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, YAP-ın potensialından tam istifadə etmədiyi ilə bağlı səslənən fikirlərlə razılaşmır: “Hakim partiyanın kifayət qədər üzvləri və funksionerləri var ki, ölkənin ictimai-siyasi həyatında və sosial media üzərindən təşkil olunan debatlarda fəal iştirak edirlər. Mən bu fəallığı yalnız elektron mediaya aid etməzdim. Partiyamızın üzvləri ənənəvi televiziya kanallarında öz fəallıqlarını ortaya qoyurlar. YAP –ın rəhbərlərliyində və üzvləri arasında kifayət qədəp potensiallı və depatlarda partiyanın mövqeyini əsaslandırmağı bacaran şəxslər var. Hansısa YAP-çının debatdan yayınmağı ilə bağlı məndə fakt yoxdur. Ola bilər ki, hansısa üzrlü səbəblər olsun. Bu heç də o anlama gəlmir ki, YAP-da danışmağa adam yoxdur. Mən kimin hansı YAP-çıya necə müraciət etməsi, bunun da müqabilində necə cavab alması ilə bağlı xəbərsizəm. Bizim partiyanın prinsipal mövqedə olan fəal üzvləri digər partiyalardan qat-qat çoxdur”.
Məhəmmədəli QƏRİBLİ