Azərbaycanın axtarışa verdiyi bloger, “Wargonzo” layihəsinin yaradıcısı Semyon Peqov yenə də ölkəmizə qarşı öz təxribatçı əməllərini davam etdirir. Onun “Wargonzo” teleqram kanalı yazıb ki, Əliyevin Hadrutda açılışını etdiyi Komandos hərbi hissəsi əslində guya Türkiyə hərbi bazasıdır, əsgərlər də Türk əsgərlərdir, Azərbaycan özü belə bir hərbi hissə açmaq gücündə deyil.
Erməni quyruğu Peqov öz təxribatindan qalmır və Azərbaycan Prezidentinin Hadrutda açılışını etdiyi Komondos ona və onun kimilərinə elə ağır zərbə vurub ki, nə danışdığını bilmir, sayıqlayır. Peqovun indiyə qədər əl atdığı bütün məsələlərdən əli boşa, niyyəti puça çıxdığı üçün özünü gündəndə saxlamağın yeganə yolunu və yeganə təsəllini Komandosa böhtan atmaqda, Azərbaycanın bu möhtəşəm işinə şübhə yaratmaqda görür. Ümumiyyətlə, muzdlu erməni lobbiçiliyi ilə məşğul olan Peqovun bu təxribatı nəyə xidmət edir?
“Erməni lobbisinin məqsədi Türkiyəni hədəfə çevirməkdir”
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Peqovun təxribatlarının motivi aydındır. Bu təxribatçı İkinci Qarabağ müharibəsinin gedişində də daim özünün eybəcər rolunu oynayırdı. “Təbii ki, Peqova üzdəniraq lobbiçiliyi üçün yaxşı pul ödənilib, o da bunun qarşılığında çalışır ki, ağalarına yaxşı “xidmət” etsin. Yəni bu pulun ona nahaqdan verilmədiyini, doğrudan da “iş gördüyü”nü sübut etmək üçün ağlına nə gəlir danışır, yazır. Peqovun yazdıqları heç yerdə ciddiyyə alınmır. Necə ki, İkinci Qarabağ müharibəsi dövründə çəkdi, yazdı, yaydı, amma bunlar nə Rusiyada, nə də başqa yerdə nəticə verdi, nə də ictimai rəyə təsir göstərdi. O heç nəyə nail olmadı. Peqov ermənilərə yarınmaq üçün yenə iş başınadadır və Azərbaycanın uğurlarına kölgə salmağa çalışır. Amma bu mümkün deyil. Peqovun böhtan dolu fikirləri həm də erməni lobbisinin və Ermənistanın təlaşını, təşvişini göstərir. Hadrutda Komondosun açılması çox mühüm bir hadisədir və Azərbaycanın böyük uğurlarından biridir. Hadrutda Komondos hərbi hissəsinin açılması artıq Ermənistanın, ermənilərin hərtərəfli məhvi deməkdir. Yəni sıravi ermənilər də hər şeyi başa düşür və Azərbaycan ordusunun gücünü görüb. Peqovun deməyi ilə deyil ki. Hadrutda açılan Komondos hərbi hissəsi Azərbaycanındır, komandiri də, burada xidmət edənlər də azərbaycanlıdır, o komondoslar hazırlıq keçib gəlmişdilər və o proses də davam edir. Yəni böyük ehtimalla, Azərbaycan ordusu bazasının əsas hissəsini, əsas zərbə qüvvəsini məhz bu hərbi hissə təşkil edəcək. Onu da onlar görürlər və təlaş və təşviş içindədirlər. Ümumiyyətlə, 44 günlük müharibə dövründə Azərbaycanın xüsusi təyinatlıları əsas rol oynadı və öz qarşısına qoyulan vəzifəsinin öhdəsindən də uğurla gəldi. Amma çox ağır vəzifə idi. Bizim şəxsi heyətin, əsgərlərin, zabitlərin çox böyük qəhrəmanlığı nəticəsində uğurlar əldə olundu”. O hesab edir ki, komondoslar, müəyyən sayda hərbu birləşmələr olarsa, yük də ordunun bir hissəsinin üzərinə düşməyəcək. A.Nağı deyir ki, Ermənistan özü belə hissələr yarada bilmir, heç Rusiyada da bizim bu hərbi hissənin bənzəri olan hərbi hissələr, birləşmələr yoxdur. “Təxrubatçı Peqovun bu əsassız iddiası təbliğat xarakterlidir, heç bir təsir gücünə malik deyil, özünü və erməniləri aldatmağa xidmət edir. O bununla, guya Qarabağda hələ də qalıb yaşayan ermənilərin həyəcanlarını, təşvişlərini aradan qaldırmaq istəyir. Bunun bir məqsədi ondan ibarətdir. Onun saxta məlumatları, saxta təbliğat kampaniyaları Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniləri ürəkləndirməyə xidmət edir. Digər tərəfdən də, həm Rusiyanın, həm də Qərb ölkələrinin diqqətini Türkiyə üzərinə yönəltmək istəyirlər ki, Türkiyə regiondadır, Türkiyə regionda güclənir, hərbi bazalar yaradır. Erməni lobbisinin məqsədi Türkiyəni hədəfə çevirməkdir. Bu yalan məlumatları yaymaq da bu məqsədə xidmət edir. Amma heç nə edə bilməyəcəklər, çünki proses gedir, hər şey öz qaydasındadır. Azərbaycan rəhbərliyi Türkiyə rəhbərliyi ilə bir yerdə çox ağıllı, ağıllı, məqsədyönlü ardıcıl siyasət yeridir. Çox vaxt da əks tərəfə, həm düşmən, həm də onun havadarları üçün gözlənilməz nəticələr ortaya qoyurlar. Onları sanki yuxudan ayıldırlar ki, Azərbaycan yeni bir mərhələyə keçdi, yeni bir nəticə ortaya qoydu. Fikrimcə, bu proseslər düşünülmüş şəkildə gedir və hökmən öz nəticəsini göstərəcək” deyə A.Nağı vurğuladı. İradə SARIYEVA