“Media haqqında” qanun layihəsinin aidiyyatı sferalarda, o cümlədən də parlamentdə geniş müzakirəsi gedir. Belə bir vaxtda özünü müstəqil jurnalist və videobloger adlandıran bir qrup şəxs parlament qarşısında “Media haqqında” qanun layihəsinə etiraz aksiyası keçirib. Dekabrın 24-də aksiya iştirakçıları üzərində “Azad mətbuat” yazılan “məzar daşı” formasında plakatı binanın qarşısına gətiriblər.
Müşahidəçilərin sözlərinə görə, maraqlıdır ki, yeni qanun layihəsinə etiraz edənlərin əlində heç bir ciddi arqument yoxdur və onların səsləndirdiyi iddialar quru qərəzdən başqa bir şey deyil. Onların fikrincə, aksiyada iştirak edib qanun layihəsini tənqid edənlər sırasında elə də populyar media nümayəndələri yoxdur, beləsi olsa belə normal yol seçə bilərdi. Ekspertlər hesab edir ki, hələ qanun qəbul edilməyib, müzakirə prosesindədir və kimin nə təklifi varsa normal müraciət formalarından istifadə edib fikirlərini, rəylərini, iradlarını bildirə bilər. Amma hələ qanun qəbul edilməyibsə layihənin ətrafında yaradılan ajiotajın bir adı var -qərəz.
Bu adamlar nə üçün sağlam müzakirələrdə iştirak etmək əvəzinə aksiya keçirirlər?
Bayraqdar.info-nun baş redaktoru, Əməkdar jurnalist, tanınmış media eksperti Azər Həsrət baki-xeber.com-a şərhində bildirdi ki, əlbəttə, kimlərinsə nəyəsə etiraz etməsi onların hüququdur və biz o hüquqa hörmətlə yanaşırıq, amma indi gedən proseslər bu cür davranışlara yol verilməsini qəbul etmir: “Hesab edirəm ki, gedib parlamentin önündə etiraz aksiyası keçirməyə, bir az da sıra dışı hərəkətlərə yol verməyə ehtiyac yoxdur. Çünki “Media haqqında” qanun kifayət qədər müzakirə olunur, müzakirələrə açıqdır. Şəxsən mənim özümün də razı və narazı olduğum məqamlar var, bununla bağlı fikirlərimi deyirəm, əlbəttə ki, nəzərə alınanları da, alınmayanları da var. Yəni müxtəlif fikirlər səsləndirilir, müzakirə üçün də şərait yaradılır. Son zamanlar da layihədən narazıların MEDİA-ya dəvət edilərək dinlənilməsini müşahidə etmişik. Yəni MEDİA rəhbərliyi konkret şəxsləri dəvət edir və onları dinləyir. Əlavə olaraq, onlara təklif edilib ki, narazılıq doğuran məqamlarla bağlı yazılı təkliflər versinlər. Yəni ən optimal layihənin qəbul edilməsi üçün müzakirə üçün şərait yaradılıb. Əlbəttə, sonda nə qəbul ediləcək bunu sonra görəcəyik. Amma ona qədər sıra dışı hərəkətlərə əl atılmamalıdır”.
A.Həsrətin sözlərinə görə, üstəlik də, ciddi jurnalistikaya aidiyyatı olmayanların tənqid və iradlar səsləndirməsi müsbət hal deyil. “Jurnalistikaya dəxli olmayan şəxslərin belə işlərlə məşğul olması, sıra dışı hərəkətlərə yol verməsi müxtəlif suallar doğurur. Görünür, bu adamlar yenə də həmin kateqoriyadandır ki, nə olursa olsun biz meydana çıxaq, özümüzü göstərək, etiraz edək. Düşünürəm ki, Azərbaycan mediası bəzilərinin düşündüyü kimi “qəbir daşı” ilə assosiasiya olunacaq vəziyyətdə deyil. Ümumiyyətlə, Azərbaycan mediası bütün qüsurları ilə bərabər kifayət qədər rəngarəngdir, burada plüralizm üçün geniş meydan var. Üstəlik də, peşəkarlıq baxımından özünə güvənən istənilən şəxs yarışa qoşula bilər. Bunu bacaranlarla biz də yolumuza davam etməyə hazırıq” - deyə bildirən A.Həsrət hesab edir ki, qanun layihəsi haqqında danışarkən ədalətli olmaq lazımdır və kimi nə isə qane etmirsə konkret təkliflə çıxış etməlidir.
İradə SARIYEVA