Prezident İlham Əliyev Hadrutda yeni hərbi hissənin açılışında çıxış edərkən məhz orada hərbi hissənin açılmasının bir sıra strateji əhəmiyyətinin olmasını xüsusi qeyd edib.
Ölkə başçısının sözlərinə görə, Hadrutda yeni hərbi hissənin açılması çox əlamətdar hadisədir: “Həm ona görə ki, bu bölgə strateji əhəmiyyət daşıyır; Hadrutda bizim güclü silahlı birləşməmiz təhlükəsizliyimizi, ölkəmizin təhlükəsizliyini qoruyacaq, - digər tərəfdən ona görə ki, bu, azad edilmiş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olmuş yerdə yerləşir. Eyni zamanda, bu hərbi hissənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, biz müharibədən sonra ordu quruculuğu prosesini dayandırmamışıq və orduya ayrılan xərcləri azaltmamışıq, əksinə, artırmışıq. Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Biz bunu heç vaxt gizlətmirdik və işğal dövründə hərbi paradlarda dəfələrlə nümayiş etdirmişdik. Həm hərbi texnikanın alınması, həm hərbi xərclərin artırılması, eyni zamanda, hərbçilərin maaşlarının artırılması, – bütün bunlar göz qabağındadır, - onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq. Müharibə bizim üçün əvəzolunmaz təcrübə idi”.
Göründüyü kimi, Hadrutda hərbi hissənin fəaliyyətə başlaması çoxşaxəli strateji əhəmiyyət kəsb edir. O baxımdan bütün bunları ekspertlər necə dəyərləndirir?
Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədli buna bir neçə aspektdən yanaşdı: “Həqiqətən də Hadrutda hərbi hissənin olmasının xüsusi mənası var. Ən başlıcası ona görə ki, Hadrut olduqca strateji əhəmiyyətli bir məkanda yerləşir. Qarabağın cənubunda yerləşən Hadrut həm Xankəndinə, həm də Xocavənd və Xocalı şəhərlərinə nisbətən yaxındır. Hansısa kritik situasiyada Hadrutdan həmlə edib Xocavənd şəhəri ilə Xankəndinin əlaqəsini kəsmək olar. Bu da Qarabağdakı separatçı tör-töküntülərin tamamilə təmizlənməsinə imkan verəcək. Hadrut və Xocavənd rayonunun azad olunan digər əraziləri erməni mövqelərinə yaxındır. Bu o deməkdir ki, ərazidə ermənilər hər hansı bir təxribata cəhd edərsə, Hadrutda yerləşən komando birlikləri dərhal bunun qarşısını alacaq. Nəzərə almaq lazımdır ki, komando birliklərindəki əsgərlər seçmə, xüsusi təlim keçmiş qüvvələrdir. Dağlıq relyefdə istənilən şəraitdə əməliyyat aparmaq qabiliyyətinə malikdirlər. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Hadrutu azad edərkən bütün steriotipləri darmadağın etdi. Ovaxta qədər ermənilər və onların himayədarları hesab edirdilər ki, Azərbaycan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinə hücum etməyə cəsarət etməz. Ancaq Hadrut azad edilməklə bu cür illüziyalara son qoyuldu. İndi də Hadrutda bu cür hərbi hissənin açılması həm də o deməkdir ki, gorbagor olan DQMV-dən və onun sərhədlərindən söhbət belə gedə bilməz. Eyni zamanda hansısa status məsələsi müzakirə mövzusu olmayacaq”.
Bütün bunlardan çıxış edən hərbi ekspert hesab edir ki, Hadrutda hərbi hissənin fəaliyyət göstərməsinin önəmli əhəmiyyəti var.
Vidadi ORDAHALLI