Dekabrın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair bəyanat yayıb.
Bəyanatda Aİ Şurasının Prezidenti tərəfindən Ermənistanla Azərbaycan arasındakı münaqişənin aradan qaldırılmasına, Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilib.
Şarl Mişel bildirib ki, 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklər yerinə yetirilməlidir.
Bəyanatda ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu daxil edilib, onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub.
Avropa İttifaqı Prezidentinin bəyanatında, həmçinin, minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə dəstək ifadə edilib. Habelə sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində Aİ tərəfindən məşvərətçi statusda dəstək verilə biləcəyi vurğulanıb.
Diqqətə çatdırılıb ki, Avropa İttifaqı Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafını dəstəkləyir. Eyni zamanda, birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması təklifi irəli sürülür.
Şarl Mişel regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyini ifadə edib. Qurumun, hətta iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyi də vurğulanıb.
Diqqət çəkən məqam budur ki, Şarl Mişel Cənubi Qafqazdakı iqtisadi əməkdaşlığı dəstəklədiyini deyib. Bunu 3+3 formatına verilən bir dəstək kimi başa düşə bilərikmi?
Beynəlxalq idarəetmə üzrə mütəxəssis, iqtisadçı Asif İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan Qarabağ münaqişəsindən sonra bölgənin təhlükəsizliyi üçün regional iqtisadi əməkdaşlığın inkişafını və genişlənməsini istəyir: “Region ölkələrinin bir-biri ilə əməkdaşlıq edə bilməsi hamımızın maraqlarına uyğundur. Bu, 3+3 əməkdaşlıq formatı ideyası əsasən Azərbaycan-Türkiyə-Rusiya əməkdaşlığını nəzərdə tuturdu. Amma İran, Gürcüstan və Ermənistanın bu əməkdaşlıqda iştirakı bölgənin perspektiv təhlükəsizliyini gücləndirə bilər. Bu həm də iqtisadi əməkdaşlığın işğaldan, bir-birinə qarşı ərazi iddiasından perspektivli olduğunu ortaya qoya bilər. Çünki Azərbaycan, Türkiyə, Gürcüstan arasında regional əməkdaşlıq öz bəhrəsini verib. Ehtimal olunur ki, bölgədə 3+3 əməkdaşlığı perspektivdə həm Cənubi Qafqazın təhlükəsizliyinə töhfə verə, həm bölgə yan təsirlərdən xilas ola, həm də bölgənin güclü olmasına təkan verə bilər. Avropanın da ifadə etdiyi mövqe məhz bu formatın canlandırılması istəyindən irəli gəlir. Çünki bunun həm iqtisadi inkişafa, həm də stabilliyə böyük təsiri olacaq”.
Məhəmmədəli QƏRİBLİ