Məlum olduğu kimi, Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüşlə bağlı bəyanat yayıb. Bəyanatın müddəaları Azərbaycanın maraqlarına və mövqeyinə tam cavab verir, o cümlədən sənəddə "Zəngəzur dəhlizi"ndə hərəkət rejiminin faktiki olaraq Laçın dəhlizi ilə eyni olması müddəası da əksini tapır.
Bununla yanaşı, bəyanatda qeyd edilir ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Cənubi Qafqaz regionunda inkişaf edən vəziyyət və Aİ-nin hər iki ölkə ilə əlaqələrinin gələcək istiqamətini müzakirə etmək üçün Azərbaycan prezidenti İlham Əliyevi və Ermənistan baş naziri Nikol Paşinyanı qəbul edib. Ən başlıcası, bəyanatda Aİ Şurasının Prezidenti tərəfindən Ermənistanla Azərbaycan arasındakı münaqişənin aradan qaldırılmasına, Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilib.
Sözügedən çağrış əslində o demək deyilmi ki, Avropa İttifaqı münaqişənin bitdiyi və sülh sazişinin imzalanmasının zəruri olduğu barədə Azərbaycanın mövqeyi ilə razılaşır?
“Aİ belə mövqe sərgiləməklə, dolayısı ilə Azərbaycanın mövqeyini dəstəkləyir”
Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, prinsipcə, Brüsselin məlum yanaşması Azərbaycanın mövqeyinə yaxındır: “Detallı şəkildə məsələlərin mahiyyətinə baxsaq görərik ki, bu belədir. Məsələ ondadır ki, Avropa İttifaqı rəsmiləri Cənubi Qafqazda dayanıqlı sabitliyin təmin olunmasında Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının fərqindədirlər. Anlayırlar ki, sülh sazişi, sərhədlərin delimitasiyası və demarkasiyası olmasa, regiondakı sabitlik daim təhdid altında olacaq. Bu həm də o deməkdir ki, Cənubi Qafqaz vasitəsilə yeni enerji kəmərlərinin, nəqliyyat dəhlizlərinin reallaşdırılması risq altında olacaq. Tərəflər arasında olan gərginlik istənilən vaxt kəskin alovlana və bu da müharibə ehtimalını artıra bilər. Bundan da müəyyən mərkəzlər öz məqsədləri üçün istifadə edə bilər. Ona görə də bütün bunlardan qorunmağın, yaxud da sığortalanmağın yolu tərəflər arasında sülh sazişinin imzalanmasından keçir. Zatən Azərbaycanın da istəyi budur. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, sülh sazişi imzalamağa hazırdır. Sülh sazişinin üzərində işləmək lazımdır. Ancaq buna rəğmən, Ermənistandan bununla bağlı hansısa təşəbbüs ortada yoxdur. Aİ belə mövqe sərgiləməklə, dolayısı ilə Azərbaycanın mövqeyini dəstəkləyir. Ancaq təkcə bu yetərli deyil. Aİ sülh sazişinin imzalanması ilə bağlı daha çox səy göstərməli və Ermənistana təsir etməlidir”.
Partiya sədri hesab edir ki, rəsmi İrəvana bu yöndə təzyiqlər artırılsa, proses sürətlənə bilər.
Vidadi ORDAHALLI