Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransı zamanı Zəngəzur dəhlizi ilə bağlı konkret mövqe ortaya qoyub.
Dövlət başçısı bildirib: "Zəngəzur dəhlizinin hüquqi rejiminə gəlincə, o, Laçın dəhlizinin eynisi olmalıdır. Çünki üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Beləliklə, bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq - ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması".
Qeyd edək ki, Prezidentin bu tələbi Aİ-nin kommuikasiyaların bərpasının zəruriliyi ilə bağlı səsləndirdiyi bəyanatla tam uyğun gəlir. İlham Əliyevin qoyduğu bu konkret tələb Ermənistanı Zəngəzur dəhlizi ilə bağlı prosesi sürətləndirməyə vadar edə bilərmi?
Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Prezidentin bu tələbi Azərbaycanın öz tələblərinə Avropadan da dəstək aldığını isbatladı: “Ermənilər elə başa düşürdülər ki, Brüsseldəki nəticələr tam onların xeyrinə olacaq. Bir daha sübut olundu ki, Azərbaycan Zəngəzur dəhlizinin açılmasında sona qədər israrlıdır. Ermənistan istəyir ki, bizə yalnız yol versin. Ancaq özü Laçından dəhliz kimi istifadə edir. Biz humanitar məqsədlə həmin dəhlizi müvəqqəti vermişiksə, bu o anlama gəlmir ki, Ermənistan oradan əbədi istifadə edəcək. İstifadə etmək istəyirsə, tam analoji şəraiti Zəngəzur dəhlizində də yaratsın. Belə olmayacağı təqdirdə, onlar Laçın yolundan istifadədən də gözlərini çəkməlidir. Niyə biz gömrükdən keçməliyik, onlar isə yox? Əldə olunan üçtərəfli bəyanatın şərtlərindən biri də budur ki, 3 il ərzində Laçına alternativ yol çəkilməlidir. Faktiki olaraq Azərbaycan məsələni konkretləçdirmiş oldu. Maraqlıdır ki, Avropa İttifaqından da bizim mövqeyə dəstək ifadə olundu. Nəqliyyat kommunikasiyalarının açılması bəzi hallarda anklavların mübadiləsi və sərhəd xəttinin dəyişməsi məsələsini gündəmə gətirə bilər. Bakı İrəvan-Naxçıvan-Mehri istiqamətində dəmiryolu - Zəngəzur dəhlizindən danışır. Ermənistan rəhbərliyi isə ümumiyyətlə heç bir dəhliz məsələsinin müzakirə olunmadığını iddia edirdi. Erməni cəmiyyətində mübahisələr doğuran və rəsmi Ermənistanın gündəmdə "dəhliz məsələsi yoxdur" iddiası Azərbaycanın Naxçıvan istiqamətində Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyalarını israrla "Zəngəzur dəhlizi" adlandırmasıdır.Əsas məsələ bu dəhlizin statusudur, kimin tərəfindən nəzarət edilməsi. Azərbaycan istəyir ki, Ermənistanın Sünik vilayəti üzərindən sərnişin və yüklərin Naxçıvana nəql edilməsi zamanı Ermənistanın gömrük, pasport yoxlama məntəqələri və digər rəsmi orqanlarla rastlaşmasın. Hesab edirəm ki, məsələ elə bu cür də öz həllini tapacaq. Əks təqdirdə Ermənistan Lacın dəhlizindən istifadə edə bilməyəcək”.
Məhəmmədəli QƏRİBLİ