Rusiya mətbuatı yazır ki, erməni milləti müxtəlif dövrlər ərzində özünü aldatmaqla məşğul olub, özlərini “seçilmiş” millət adlandırıb, digər dövlətlərin torpaqlarının onlara mənsub olması haqqında milliyyətçi fikirlərlə formalaşıblar. Bu isə son nəticədə ermənilərə ciddi problemlər yaradıb.
Qeyd olunur ki, “böyük Ermənistan, dənizdən-dənizə” ideyası ölkəni uçuruma aparır: “Əslində, bu ideya – bu radikal millətçilik, separatizm Ermənistanın özünə yaxşı heç nə gətirmədi. Bu ideya onu daxildən bir dövlət kimi parçaladı, beynəlxalq aləmdə statusunu titrətdi, qonşularla qarşılıqlı əlaqələrə zərbə vurdu və nəhayət, Ermənistanın düşmənlərinin sayını çoxaltdı. Ermənistanın işğal etdiyi ərazilər ona problemdən başqa bir şey vermədi. İrəvan nəzarət etdiyi torpaqları inkişaf etdirməkdənsə, oraları viran qoydu. Onlar hər şeyi dağıtdılar, özlərini əsl işğalçı kimi apardılar. Bu, bütün bu millətçi, separatçı ideologiyanın Ermənistan üçün zərərli olduğunu göstərdi. Hazırda İrəvan öz problemləri ilə təkbətək qalıb. Bu vəziyyətdə Ermənistanı heç kəs dəstəkləmədi və ölkə dalana dirənib”.
Görünən odur ki, artıq Rusiyada müəyyən dairələr Ermənistanın xəstə ideologiya üzündən uçuruma yuvarlanmasının fərqindədirlər.
“Rusların bunu deməsi daha inandırıcı olur, nəinki bizim”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı buna bir neçə aspektdən yanaşdı: “Ermənilərin uydurduqları əfsanələr tarix boyu onlara böyük ziyan vurub. Həmin xəstəlik bu gün də davam edir. Yəni zaman-zaman Bizans, Osmanlı, Rusiya imperiyaları dövründə ermənilər öz xəstə ideyalarından əziyyət çəkiblər. Ancaq maraqlı məqam odur ki, böyük dövlətlər ermənilərin bu xəstə ideologiyasından zaman-zaman sui-istifadə edərək öz siyasətlərini həyata keçiriblər. Bu da ona gətirib çıxarıb ki, ermənilər tarix boyu onlara dəstək olanlara xəyanət ediblər. Torpaq iddiası ilə çıxış ediblər. Gülünc vəziyyətə bax ki, bunlar Misir ehramlarının yaranmasını da öz adları ilə bağlayırlar. Bax, bu cür xəstə təxəyyülə malikdirlər. Gör, vəziyyət nə yerə çatıb ki, tarix boyu ermənilərdən öz məqsədləri üçün istifadə edən Rusiya da ermənilərin iç üzünü açır. Çünki ermənilər hətta Rusiyaya da ərazi iddiası irəli sürürlər. Məsələn, iddia edirlər ki, Krasnodar, Stavropol və Qara dəniz sahillərində yerləşən bəzi ərazilər ermənilərə məxsusdur. Bu səbəbdən Rusiyada obyektiv mövqedən çıxış edən yazarlar erməniləri tənqid edirlər. Hesab edirəm bu, müsbət haldır. Çünki rusların bunu deməsi daha inandırıcı olur, nəinki bizim. Ona görə ki, Azərbaycan Ermənistanla müharibə şəraitində olduğu üçün çox vaxt bizim dediklərimizi qəbul etmirlər”.
Professorun fikrincə, erməni xalqı heç olmasa bundan sonra ibrət götürməlidir ki, gələcəkdə bu cür xəstə təxəyyüldən daha çox ziyan görməsin.
Vidadi ORDAHALLI