Ermənistan regionda kommunikasiyaların bərpa edilməsi üzrə üçtərəfli komissiyanın (Azərbaycan-Ermənistan-Rusiya) işində iştirakını dayandırır. Bu barədə İrəvanda Ermənistan hökumət başçısının müavini Mqer Qriqoryan jurnalistlərə açıqlamasında bildirib.
O, bu qərarı erməni əsirlər probleminin həll edilməməsi və Azərbaycanın “təcavüzü” ilə izah edib. “Sərhəddə hazırkı vəziyyətdə bu platformada konstruktiv işin mümkün olduğunu düşünmürəm. Buna görə əlaqələr kəsilib”, - deyən baş nazir müavini əlaqələrin “Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisinə daxil olmasından sonra” kəsildiyini qeyd edib.
Məlumat üçün qeyd edək ki, regionda kommunikasiyaların, xüsusən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsinin açılması məsələsi Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatında əksini tapıb. 11 yanvar 2021-ci il tarixində bu ölkələrin liderləri kommunikasiyaların, xüsusən də Naxçıvanla avtomobil və dəmir yolu əlaqəsinin açılması məsələlərini həll edəcək üçtərəfli komissiya yaradılmasını nəzərdə tutan yeni sənəd imzalayıblar.
Ancaq görünən odur ki, Ermənistan bu razılaşmaları pozmaq istəyir. Maraqlıdır, məhz indiki məqamda Ermənistanın belə birtərəfli addım atmasının arxasında hansı məqsədlər dayanır?
“...Azərbaycan üzərində əsassız təzyiq yaratmaq və guya bütün məsuliyyəti ölkəmizin üzərinə qoymağa çalışmaq”
Məsələyə münasibət bildirən politoloq Araz Aslanlının fikrincə, Ermənistanın üçtərəfli işçi qrupundan çıxması məsələnin həlli prosesi ilə bağlı fərqli bir şey yaratmayacaq: “Bu iddiaları irəli sürərkən Azərbaycanı guya prosesi dayandırmaqla hədələyib. Bu, yeni bir şey deyil. Təəssüf ki, bəzi xarici dövlətlər də qismən Ermənistanı dəstəkləyirlər. Daha öncə Paşinyan parlamentdə çıxış edərkən belə iddialar irəli sürmüşdü ki, guya bu prosesi Azərbaycan pozur. O demişdi ki, Azərbaycan bu prosesi pozmağa davam edərsə, Ermənistan 10 noyabr və daha sonra 11 yanvar razılaşmasını Azərbaycan pozduğu üçün Ermənistan bu prosesdən çəkilə bilər. Hazırda Ermənistanın iddiaları bu çərçivədədir. Əslində, Ermənistan 10 noyabrdan sonra Azərbaycan ərazisinə silahlılar göndərərək razılaşmanı pozdu. Digər tərəfdən, Ermənistan Azərbaycan-Ermənistan sərhəd xəttinə qədər öz ərazisinə çəkilməlidir, amma çəkilmir. Başqa bir tərəfdən, Ermənistan Azərbaycan ərazisinin sərhəd zolağını keçərək minalamağa çalışır, yenə razılaşmanı o pozur. Ancaq bütün bunları edərkən təxmini bir görüntü yaratmağa çalışır. Bəzi dövlətlər isə bu görüntüyə aldanaraq Ermənistanı dəstəkləyirlər. Həmin dövlətlər Fransanın timsalında beynəlxalq hüququn qorunmasına xüsusi məsuliyyət daşıyırlar. Ermənistan özü provokasiya edərək, bu cür dövlətlərin addımlarından cəsarətlənərək Azərbaycanı ittiham edir. Guya Azərbaycan razılaşmanı pozduğu üçün Ermənistan bu üçtərəfli formatın işlək olmadığını düşünür və bundan geri çəkilmək məsələsini qaldırır. Məsələ budur: Azərbaycan üzərində əsassız təzyiq yaratmaq və guya bütün məsuliyyəti ölkəmizin üzərinə qoymağa çalışmaq”.
Politoloq hesab edir ki, Ermənistanın bu addımı praktikada bir nəticə verməyəcək.
Vidadi ORDAHALLI