Ölkə ərazisində terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin üzvlərinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Bu barədə Baş Prokurorluğun və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətlərinin birgə yaydığı məlumatda bildirilib. Məlumatda qeyd olunur:
"10 noyabr 2020-ci il tarixdə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatla atəşkəsin elan olunmasından sonra Azərbaycan ərazisinə qanunsuz olaraq gizli yollarla keçib Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah edilmiş üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Aparılmış istintaqla müəyyən edilib ki, Ermənistan vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıb. Həmin birləşmələrin üzvləri 26-27 noyabr 2020-ci il tarixdə Azərbaycan dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq, 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı hücumlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycanın dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər. Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin üzvləri Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç və digərlərinin, ümumilikdə 14 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib. Yuxarıda qeyd olunmuş silahlı birləşmənin üzvləri olan digər təqsirləndirilən şəxslər barəsində müvafiq cinayət işləri üzrə ibtidai istintaq yekunlaşdırılaraq, iş materialları ilə tanış etmə həyata keçirilir".
Qeyd edək ki, erməni yaraqlılarının tör-töküntüləri hələ də Qarabağ ərazisində qalmaqdadır. Onların tam şəkildə tərksilah edilməməsi Azərbaycanın yenidən antiterror əməliyyatlarına başlamasına rəvac verə bilərmi?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bizim antiterror əməliyyatlarını aparmağa tam haqqımız çatır: “Üçtərəfli bəyanatda da göstərilib ki, erməni silahlı qüvvələri ərazilərdən çıxmalı, yerinə sülhməramlılar gəlməlidir. Qarşı tərəf bu bəndi icra etmədiyi üçün Azərbaycan Ordusu əməliyyatlara başlaya bilər. Ancaq siyasi baxımdan hələ real görünmür. Rusiyanın məsələyə reaksiyası ağır ola bilər. İndi əsas məsələ sərhədlərin delimitasiyası işidir. Ermənilər Zəngəzur dəhlizinin açılmaması üçün bütün təxribatlardan istifadə edirlər. Qarabağda antiterror əməliyyatlarına başlasaq, Ermənistan bütün dünyanı ayağa qaldırar ki, etnik təmizləmə aparılır. Rusiya sülhməramlı qüvvələri qorumaq adı ilə vəziyyəti daha da gərginləşdirə bilər. Cənubi Osetiya variantını yaddan çıxarmayaq. Ancaq bu o demək deyil ki, Azərbaycan separatçıların bütün addımlarına seyrçi qalmalıdır. Biz yeri gələndə, lokal antiterror əməliyyatları apara bilərik. 14 erməni diversantı ilə bağlı yayılan rəsmi məlumat bunu deməyə əsas verir ki, Azərbaycan bunu bacarır. Bununla yanaşı, biz onu da qeyd edirik ki, artıq müharibə başa çatıb. Artıq sülh zamanıdır! Biz müharibə istəmirik! Ancaq ermənilərin separatçı meyllərdən əl çəkməməsi subut edir ki, onlar sülh tərəfdarı deyillər. Başlarını yenə qaldırmaq fikrinə düşəcəklərsə, yumruq yeyəcəklər”.
Məhəmmədəli QƏRİBLİ