Ermənistan cəmiyyətində parlament seçkisi ərəfəsində vəziyyət son dərəcə gərginləşib. Bir həftə əvvəl Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ölkədəki vəziyyəti ayıq başla qiymətləndirərək, Ermənistanın vətəndaş müharibəsi həddində olduğunu bildirmişdi. Azərbaycanla həmsərhəd olan Vardenis, Sisyan və digər vilayətlərdə xüsusilə təhlükəli vəziyyət yaranıb. Məlum olduğu kimi, Azərbaycan Ermənistanla sərhəddə postları sovet dövrünün xəritələrinə uyğun qurmağa başlayıb, Ermənistan isə sərhədlərin demarkasiyası prosesini hər vəchlə pozmağa çalışır.
Ermənistanın Azərbaycanla həmsərhəd bölgələrinin bəzi sakinləri müxtəlif erməni KİV-nə verdikləri müsahibələrdə dincliklərini itirdiklərindən və “türklər bu qədər yaxınlaşdığından” dinc yaşayıb işləyə bilmədiklərindən şikayətlənirlər. Yerli bazarda jurnalistin Paşinyanla bağlı verdiyi sual isə bir-birinin yanında dayanan iki satıcı qadını sözün həqiqi mənasında üz-üzə qoyub.
“Bizim həyatımız təhlükəli hala gəlib, çünki türklər olduqca yaxındadır. Paşinyan indi bu barədə düşünməlidir”, – deyə yerli bazarda yaşlı satıcı şikayət edib.
“Sən Paşinyana toxunma! O, yer üzündə ən yaxşı və ən ədalətli insandır. Azərbaycanlılar heç kimə toxunmurlar. Burada həqiqətən də belə təhlükəlidirsə, onda mən burada necə işləyirəm?”- digər satıcı Paşinyanın müdafiəsinə qalxıb və dərhal da Ermənistanın acınacaqlı durumunun əsl səbəbkarlarının adını çəkib.
Satıcının sözlərinə görə, erməni xalqının müsibətlərində Qarabağ separatçıları günahkardır. “Hər şeydə bu qarabağlılar günahkardır. Onlara görə həyatımız əsl cəhənnəmə çevrildi. Onlar Qarabağdan qaçdılar və bu gün Yerevanda oturublar. Bəsdir artıq! Nə qədər olar? Övladlarımız onlara görə müharibədə həlak olub. Onlar isə burada bizdən mənzil tələb edirlər”, – deyə qadın olduqca emosional halda vurğulayıb.
Bütün bunlar Ermənistanın vətəndaş müharibəsi həddində olduğuna dəlalət edirmi?
Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan müstəqilliyini bərpa edəndən sonra orada Qarabağ mitinqləri başladı: “Nəticədə Azərbaycanın ərazilərini rusların köməyilə işğal etdilər. Bunun nəticəsində Qarabağ ermənilərinin nüfuzu Ermənisatnda da qalxmağa başladı. Hətta onlar uzun müddət hakimiyyəti də ələ keçirdilər. Həmin iqtidarların zamanında Qarabağ ermənilərilə yerli ermənilərin münasibətləri kəskinləşməyə doğru getdi. Bunun ilk qarşıdurması kimi biz 2008-ci il prezident seçkilərini göstərə bilərik. Həmin vaxt Sarkisyanla Ter-Petrosyan arasında münasibətlərin aydınlaşdırılması qanlı nəticələrə belə səbəb oldu. Saxtakarlığa etiraz edənlər hakimiyyət tərəfindən gülləbaran edildi. Sarkisyan öz hakimiyyətini qorumağa nail oldu. Həmin hadisələr zamanı Nikol Paşinyan da həbs edildi. Bütün bunlardan sonra klanlar arasındakı münasibətlər düşmənçilik həddinə çatdı. Paşinyanın inqilabından sonra isə Qarabağ ermənilərinə qarşı repressiyalar başladı. Qarabağda 44 günlük müharibədəki məğlubiyyət həmin münasibətlərin gərginliyini pik həddə çatdırdı. Levon Ter-Petrosyan da deyib ki, Ermənistanda hər an vətəndaş müharibəsi alovlana bilər. Regionçuluq üzərində qurulan siyasətin sonu buna gətirib çıxarır. Sadə əhali belə fikirləri açıq ifadə edirsə, deməli, vəziyyət düşündüyümüzdən də acınacaqlıdır”.
Məhəmmədəli QƏRİBLİ