Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bugünkü iclasda dövlət ittihamı elan edilib. İttihama görə, keçmiş nazir müavini ümumilikdə 1 milyon 800 min manat rüşvət alıb. Bayramov ittiham üzrə özünü qismən təqsirli bilib.
Məhkəmənin növbəti iclası iyunun 3-də davam etdiriləcək.
Dövlət Təhlükəsizliyi Xidməti 2020-ci il mayın 8-də məhkəmənin qərarı əsasında Rafiq Bayramov və Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara baxış keçirib. Baxış zamanı vəzifəli şəxslərin qəbul etdikləri pul vəsaitləri ilə bağlı qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri aşkar edilərək götürülüb. İstintaq zamanı mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd istifadə etməklə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri müəyyən edilib.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Zakir Sultanovun cinayət işi ayrıca icraata götürülüb.
Maraqlı detal budur ki, nazir müavininin 2 milyona yaxın rüşvət aldığı rəsmən təsdiqini tapıb. Onda belə çıxır ki, həmin dönəmdə nazir olan Əbülfəs Qarayevin də bununla bağlı məsuliyyəti var. Çünki bütün bu proseslər onun yaxın ətrafında baş verib. Xəbəri olmayıbsa, onda səhlənkarlığa yol verib. Belə olan təqdirdə nazirin məsuliyyətdən kənarda qalması çox maraqlı görünür. Analoji hallarla biz bundan əvvəl də rastlaşmışıq. Ləğv edilmiş MTN-də sabiq nazir Eldar Mahmudovun ətrafında olan ən yaxın yüksək çinli məmurlar həbs edildi, ancaq o, məsuliyyətdən kənarda qalmağı bacardı. Nazirlərin ətraflarında baş verən külli miqdarda mənimsəmələrlə bağlı məsuliyyətdən kənarda qala bilməsini hansı amillərlə izah edə bilərik?
Ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, burada bir neçə şübhəli faktorla bağlı mülahizələr yürütmək olar: “20 ilə yaxın müddətdə nazir vəzifəsini tutan şəxsin həmin qurumda baş verənlərdən xəbərdar olmaması mümkün deyil. Xüsusilə də maliyyə məsələləri, ayrılan vəsaitlərin hansı təyinat üzrə xərclənməsi birbaşa onların nəzarətində olur. Keçmiş rabitə naziri Əli Abbasov da böyük yeyinti ittihamı ilə vəzifəsindən kənarlaşdırıldı, amma sonradan Ramiz Mehdiyev tərəfindən Akademiyada yeni vəzifəyə təyin edildi. Sanki belə hallar olmamışdı. Metroplitenin keçmiş rəisi özü 3 milyon rüşvət verdiyini etiraf etdi, ancaq məsuliyyətdən kənarda qala bildi. Belə hallarla bağlı ictimaiyyət ətraflı məlumatlandırılır, ancaq nəticədə biz ikinci və üçüncü dərəcəli adamların həbs edildiyini görürük. Mən bura bu qəbildən olan məmurların cəzaya məhkum edildikdən sonra tez bir zamanda azadlığa çıxa bilməsi faktını da əlavə edərdim. Görünür, çöldə qalan nazirlər içəridəki əməkdaşların tez bir zamanda azadlığa çıxmasına nail ola bilir. Mənə elə gəlir ki, milyonlarla rüşvəti nazir müavini nazirin məlumatı olmadan ala bilməz. Fikir verirsinizsə, həmin vəzifəli şəxslərin cəzaçəkmə müsissəsində də imtiyazlı şəraitdə yaşadıqlarına dair faktlar ortaya qoyulur. Mənə elə gəlir ki, bütün bu neqativliklərlə bağlı ciddi tədbir görülməlidir. Çünki belə hallar cəmiyyətdə çoxlu sayda suallar yaradır”.
Məhəmmədəli QƏRİBLİ