Medianın İnkişafı Agentliyinin fəaliyyətində daha bir yenilik - cəmiyyətin maarifləndirilməsi üçün yeni materialların sifarişi...

Seyid Camal Əzimbəyli: “Bununla bağlı zamanın tələblərinə uyğun proqramların hazırlanması cəmiyyətin xeyrinə olacaq”

img

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb.

Fərmanda ötən əsrin 90-cı illərində Azərbaycanda dövlət müstəqilliyi bərpa edildikdən sonra müasir medianın formalaşması və inkişafı üçün geniş imkanlar yarandığı qeyd olunur. Vurğulanır ki, həyata keçirilmiş köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılıb, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası formalaşdırılıb, redaksiyaların davamlı inkişafı, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülüb.

Bütün bunlarla yanaşı, bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranıb. Medianın İnkişafı Agentliyinin nizamnaməsindəki 3.1.9. maddəyə əsasən, əhalinin və ya müəyyən təbəqənin maarifləndirilməsinə, ictimai normalara uyğun davranış qaydalarının formalaşdırılmasına, onların diqqətinin cəmiyyətdəki aktual məsələlərə cəlb edilməsinə yönəlmiş proqramları və materialları sifariş vermək və mediada yayımlanmasını təmin etmək nəzərdə tutulub. Bu, agentliiyin fəaliyyətində yeni istiqamətdir və əhəmiyyətlidir. O baxımdan, ekspertlər bunu necə dəyərləndirirlər?

  • “Belə materialların bütün media orqanlarında yayılması bir sıra aktual problemlərin həllinə öz töhfəsini verəcək”

Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, belə bir maddənin fərmanda öz əksini tapması çox önəmli məsələdir: “Çünki əhalinin müəyyən hissəsinin maarifləndirilməsi son dərəcə aktual əhəmiyyət kəsb edir. Görürsən ki, bəziləri ictimai normalara əməl etmir. Eləsi var ki, təhsil səviyyəsi aşağıdır və bu səbəbdən bəzi qaydalarla bağlı məlumatlı deyil. Bununla belə, cəmiyyətdə miqrasiya amili var. Bütün bunlar insanların sosial həyat tərzinə öz təsirini göstərir. Ona görə də cəmiyyətdə maarifləndirmə işlərinə xüsusi önəm verilməlidir. Bununla bağlı zamanın tələblərinə uyğun proqramların hazırlanması, həyata keçirilməsi cəmiyyətin xeyrinə olacaq. Belə materialların bütün media orqanlarında yayılması bir sıra aktual problemlərin həllinə öz töhfəsini verəcək. Hesab edirəm ki, Medianın İnkişafı Agentliyi cəmiyyətin maarifləndirilməsi ilə bağlı ciddi işlər görəcək. Nəticədə ictimaiyyət bundan faydalanacaq”.

Şərqşünas onu da qeyd etdi ki, bununla bağlı dəyişikliklər cəmiyyətin xeyrinə olacaq.

Vidadi ORDAHALLI

Son xəbərlər