Prezidentin media islahatları onlayn mediada özbaşına və qanunsuz davranışlara son qoyacaq

Şəmsəddin Əliyev: “Bu, imkan verəcək ki, onlayn mediada özbaşınalıqlara, sui-istifadə hallarına son qoyulsun”

img

Yaradılan Media İnkişaf Agentliyinə bir sıra səlahiyyətlər verilib. O cümlədən, yaradılan yeni qurum müəyyən cəza təyin etmək səlahiyyətlərinə də malik olacaq. Belə ki, strukturun nizamnaməsinin 3.1.18 maddəsinə əsasən, onlayn mediada yayımlanan informasiya qanunla nəzərdə tutulan tələblərə cavab vermədikdə, bununla bağlı tədbir görülməsi məqsədilə aidiyyəti üzrə müraciət etmək hüququ var.

Bu o deməkdir ki, agentliyin onlayn media sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək hüququ olacaq. Nəticədə onlayn mediada illərdir mövcud olan özbaşınalıqlara, digər bu kimi neqativ hallara son qoyulacaq. Hansı ki, illərdir sözügedən problemlər onlayn mediada özünü göstərir. O üzdən, yeni yaradılan quruma bununla bağlı səlahiyyətlərin verilməsinin əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?

  • “Bütün bunların qanunla tənzimlənməsi, nizamlanması cəmiyyətə fayda verəcək”

Məsələyə münasibət bildirən Mətbuat Şurasının icraçı katibi, hüquqşünas Şəmsəddin Əliyevin fikrincə, məlum maddənin qanunda öz əksini tapması onlayn mediada mövcud olan özbaşınalıqlara son qoyacaq: “Əvvəla yaradılan Media İnkişaf Agentliyi müasir bir təsisatdır. Yeni yaradılan qurum publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək. Səlahiyyətləri genişləndiyi üçün daha çevik fəaliyyət göstərə biləcək. Mətbuat Şurası olaraq hər zaman biz çalışmışıq ki, qərəzli məlumatların yayılmasının qarşısını alaq. Qeyd olunan 3.1.18 maddəsi KİV haqqında qanunun tələbinə uyğun olaraq öz fəaliyyətini formalaşdırmağı ehtiva edir. Bu, imkan verəcək ki, onlayn mediada özbaşınalıqlara, sui-istifadə hallarına son qoyulsun. Hər kəs öz məsuliyyətini daha dərindən dərk etsin. Bu baxımdan hesab edirəm ki, Media İnkişaf Agentliyi dövlət qurumu olaraq daha effktiv tədbirlər görmək imkanı qazanacaq. Həddini aşmaq istəyənlərin fəaliyyətinə məhdudiyyət qoyacaq. Etiraf etmək lazımdır ki, elektron media vasitələrində sui-istifadə, özbaşınalıq halları daha çox özünü göstərir. Bu da cəmiyyətə zərər vurur. Ona görə də bütün bunların qanunla tənzimlənməsi, nizamlanması cəmiyyətə fayda verəcək. Bununla yanaşı, onlayn medianın inkişafına öz töhfəsini verəcək. Çünki media qeyri-rəsmi də olsa hakimiyyətin dördüncü qoludur. Ona görə də xəbər mənbəyinin səhihliyinə baxmadan, onların doğruluğunu öyrənmədən, qarşı tərəfin münasibətini almadan yaymaq doğru deyil. Çünki bu, mediada yayılan məlumatlar barədə bir inamsızlıq yaradır”.

Hüquqşünas hesab edir ki, bütün bunlar medianın inkişafına xidmət edəcək.

Vidadi ORDAHALLI

Son xəbərlər