Son media islahatında dövlətin, cəmiyyətin və vətəndaşların informasiya təhlükəsizliyinə yeni kompleks yanaşma...

Azər Həsrət: “Burada daha çox cəmiyyətin informasiya təhlükəsizliyi məsələləri ilə bağlı ümumi çevikliyin artırılması və...”

img

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Fərmanda bir sıra məsələlər öz əksini tapıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib. Agentliyə yeni səlahiyyətlər verilib.

Medianın İnkişafı Agentliyinin Nizamnaməsinin 3.1.11. maddəsinə əsasən, cəmiyyətdə baş verən hadisələrin, dövlət siyasətinin mediada ədalətli, balanslı, obyektiv, qərəzsiz işıqlandırılmasına, jurnalistlərin peşəkarlığının artırılmasına, media subyektlərində peşə etikası (etik davranış) qaydalarına riayət edilməsinə, beynəlxalq informasiya mübadiləsində yeni imkanlar açan müasir informasiya-kommunikasiya texnologiyalarının, innovasiyaların tətbiqinə, vətəndaşın, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin olunmasına istiqamətlənmiş layihələrin həyata keçirilməsi üçün tədbirlər görmək nəzərdə tutulub.

Burada informasiya təhlükəsizliyi ilə bağlı məqamların öz əksini tapması mühüm əhəmiyyət kəsb edir. Məsələ ondadır ki, burada vətəndaşın, dövlətin və cəmiyyətin infornasiya təhlükəsizliyinə ilk dəfə olaraq kompleks yanaşma var. O baxımdan bunun əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?

  • ...qeyd olunan məqamları yüksək qiymətləndirirəm”

Məsələyə münasibət bildirən media sahəsi üzrə ekspert Azər Həsrətin sözlərinə görə, dövlətin və cəmiyyətin informasiya təhlükəsizliyinə kompleks yanaşmanın ortaya qoyulması mühüm əhəmiyyət kəsb edir: “Hesab edirəm ki, bu çox böyük bir məsuliyyət məsələsidir. Düzdür, informasiya təhlükəsizliyi ilə bağlı məsələlərlə dövlətin müvafiq qurumları məşğul olur. Ancaq cəmiyyətimizdə informasiya təhlükəsizliyi məsələlərini yetərincə anlamayan kəsimlər də var. Düşünürəm ki, onlarla ictimai işin aparılması çox vacibdir. Fikrimcə, informasiya təhlükəsizliyinin qorunması baxımından bu vacibdir. KİVDF-nin bazasında yaradılan Medianın İnkişafı Agentliyi məhz həmin istiqamətdə fəaliyyət göstərəcək. Burada daha çox cəmiyyətin informasiya təhlükəsizliyi məsələləri ilə bağlı ümumi çevikliyin artırılması və bütövlükdə, vətənin, millətin, dövlətin faydasına çalışmaların təşviq edilməsi nəzərdə tutulub. O baxımdan, qeyd olunan məqamları yüksək qiymətləndirirəm”.

Ekspert onu da qeyd etdi ki, bütün bunlar informasiya təhlükəsizliyinin möhkəmlənməsinə töhfə verəcək.

Vidadi ORDAHALLI

Son xəbərlər