Azərbaycanın Böyük 20-lər zirvəsinə dəvət alması ölkənin beynəlxalq sistemdəki önəmli rolu ilə bağlıdır

Azər Həsrət: “Bütün dünya ölkələri Azərbaycanı qüdrətli dövlət kimi gördüyü üçün ölkəmizin həmin sammitdə iştirak etməsini istəyirlər”

img

Xəbər verildiyi kimi, Azərbaycan cari ilin 30-31 oktyabr tarixlərində İtaliyanın paytaxtı Romada keçiriləcək “Böyük iyirmilik” (G20) ölkələrinin zirvə görüşünə dəvət edilib. May-sentyabr aylarında nazirlər səviyyəsində 10 sahəvi (innovasiya və tədqiqat, iqtisadiyyat və maliyyə, kənd təsərrüfatı, mədəniyyət və turizm, ətraf mühit, iqlim və enerji, ticarət, əmək və təhsil, səhiyyə, xarici işlər və inkişaf, cari məsələlər) görüş planlaşdırılır.

Qeyd edək ki, G20-nin daimi üzvləri Almaniya, ABŞ, Argentina, Avstraliya, Böyük Britaniya, Braziliya, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çin, Fransa, Hindistan, İndoneziya, İtaliya, Kanada, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Yaponiya və Avropa İttifaqıdır.

  • ...qlobal dünyanı narahat edən müxtəlif çağırışlara cavab vermək gücünə malik əlverişli platformadır”

Azərbaycanın “Böyük iyirmilik” ölkələrinin sammitinə dəvət edilməsinin əhəmiyyəti haqqında danışan siyasi şərhçi Azər Həsrət qeyd etdi ki, dünyanın iqtisadi cəhətdən inkişaf etmiş və inkişafda olan dövlətlərinin birləşdiyi “Böyük iyirmilik” (G20) qlobal dünyanı narahat edən müxtəlif çağırışlara cavab vermək gücünə malik əlverişli platformadır: “Ölkəmizin belə sammitə dəvət alması sevindiricidir. Bu dəvət ondan xəbər verir ki, artıq dünya ölkələri Azərbaycanı əhəmiyyətli ölkə kimi qəbul edirlər. Həmçinin, İtaliya ilə münasibətlərin yaxşı səviyyədə olması da dəvətə öz təsirini göstərib”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, 2020-ci ildə Azərbaycanın Vətən müharibəsində haqlı zəfər çalması dünya ölkələrinin diqqətini cəlb etdi. Artıq bütün dünya ölkələri Azərbaycanı nəhəng, qüdrətli dövlət kimi görürlər. Bu səbəbdən də Azərbaycanın həmin sammitdə iştirak etməsini istəyirlər.

Günel CƏLİLOVA

Son xəbərlər