Məlum olduğu kimi, 1991-ci ilin 10 dekabr tarixində ermənilər Dağlıq Qarabağda qanunsuz referendum keçirərək onun “müstəqilliyi”ni élan etdilər. Ermənilərin bu separatçı addımı beynəlxalq hüquqa zidd olmaqla yanaşı, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünə qəsd idi.
Bildiyimiz kimi, 44 günlük Vətən müharibəsində Azərbaycan böyük zəfər qazandı və rəsmi olaraq 10 noyabr 2020-ci ildə üçtərəfli atəşkəs bəyannaməsinə əsasən, həmin ərazi yenidən Azərbaycan Respublikasının nəzarətinə qaytarılıb və bununla da qondarma “DQR” yox edilib.
44 günlük Vətən müharibəsində zəfər qazanan Azərbaycan dövləti dekabrın 10-da Zəfər paradı keçirdi. 29 il sonra, 10 dekabrda Zəfər paradının keçirilməsi qondarma “müstəqlillik” referendumuna və onu vaxtilə keçirənlərə, onun ardıcıllarına böyük bir zərbə oldu. Azərbaycan bununla dünyaya bir daha sübut etdi ki, Dağlıq Qarabağ tarixən Azərbaycanın tarixi torpağı, ayrılmaz hissəsi olub, bu gün də onun tərkibindədir, dövlətimizin ərazisidir.
Qasım Hacıyev: “Azadlıq meydanında keçirdiyi Zəfər paradı ilə Azərbaycan dövləti erməni separatizminə öldürücü zərbə vurdu”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri Qasım Hacıyev də hesab edir ki, Zəfər paradının 10 dekabrda keçirilməsinin çox böyük tarixi, siyasi, starteji əhəmiyyəti var. Q.Hacıyevin sözlərinə görə, bu paradın həmin tarixdə keçirilməsi erməni separatizmini dəstəkləyənlərə çox böyük bir mesajdır. “Ermənilər 19-cu əsrdə Cənubi Qafqaza, Azərbaycan ərazilərinə köçürüldükdən xeyli sonra təşkilatlar yaradaraq Azərbaycan ərazisində dövlət qurmağı planlaşdırdılar. XX əsrin əvvəllərində Ermənistan Respublikası, 1921-ci ildə separatçılıq yolu ilə ərazilərimizin bir hissəsində Dağlıq Qarabağ Muxtar Vilayəti yaratdılar. Amma onların ərazi iddiaları bununla bitmədi. Sovetlər dövründə də Azərbaycan ərazisində daim separatçı hərəkətlər törətdilər. Bu proses həm Ermənistan, həm də Azərbaycanın Dağlıq Qarabağ ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti ilə ardıcıl olaraq davam etdi. Sovetlər dövründə ermənilərin bu əsassız ərazi iddiaları ilə bağlı çıxışlarına bir müddət son qoyulsa da, amma onlar bu siyasəti unutmadılar, vaxtaşırı olaraq davam etdirdilər. Hətta 1948-1953-cü illərdə Qərbi Azərbaycandan azərbaycanlılar kütləvi şəkildə öz ata-baba yurdlarından deportasiya edildilər. Bundan əvvəlki dövrlərin tarixinə baxsaq, 1905-1906-cı illər qırğınları, 1918-ci il soyqırımları, 1948-1953-cü illər deportasiyası və 1988-ci ildən başlayan yeni deportasiya dalğaları baş verdi. Bununla da paralel olaraq Dağlıq Qarabağda ermənilər separatçılıq hərəkətlərinə yenidən başladılar. Onlar iddia edirdilər ki, ya Dağlıq Qarabağ “müstəqil” olmalıdır, ya da Ermənistana birləşdirilməlidir. Nəhayət ki, 1989-cu ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında “qərar qəbul etdilər”, nümayişlər, tətillər etdilər, hər yerdə terror hadisələri törətdilər, bununla da Dağlıq Qarabağı Ermənistana birləşdirmək üçün hər vasitəyə əl atdılar. Təəssüflər olsun ki, həmin dövrdə bütün SSRİ respublikalarına rəhbərlik edən rəsmi Moskva ermənilərin bu separatçı hərəkətlərinə nəinki göz yumdu, hətta buna rəvac verdi, ermənilər silahlanaraq Azərbaycan ərazilərini işğal etmək üçün müharibəyə hazırlaşdılar. O vaxt SSRİ-nin silahları yığılıb Rusiyaya daşınanda o silahların bir hissəsi pulla, bir hissəsi isə pulsuz olaraq ermənilərə verildi. Həmin vaxtda azərbaycanlıların hətta ov silahları belə yığıldı. Beləliklə, ciddi şəkildə ərazi işğalına hazırlaşan Ermənistan 91-ci ilin sentyabrında Dağlıq Qarabağın “müstəqilliyini” elan etdi, dekabrda isə “referendum” keçirdi. Guya bu “referendum”un nəticəsi olaraq Dağlıq Qarabağ əhalisi “Azərbaycandan ayrılmaq haqqında qərar qəbul etdi”. Bunun nəticəsində də Azərbaycanın bu dilbər guşəsi, tarixi ərazisi Ermənistan tərəfindən işğal edildi. 1991-ci ildə Ermənistanın silahlı qrupları Azərbaycan ərazilərinə soxuldu, Dağlıq Qarabağ ərazisini və digər məlum bölgələrimizi işğal etdilər. Beləliklə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bununla da kifayətlənməyən ermənilər bu qondarma “respublika”nın dünyada tanınması üçün siyasət yürütdü, ziyanlı təbliğatlar apardılar. Eyni zamada, hərbi silah-sursat toplayaraq, bu ərazinin ətrafında olan rayonları da qondarma “DQR”ə daxil etməklə bağlı separatçı çağırışlar edildi. BMT-nin erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərini işğaldan azad etməsi ilə bağlı 4 qətnamə qəbul etməsinə baxmayaraq, bu qərarlar yerinə yetirilmədi. 30 il davam edən bu danışıqların hamısı səmərəsiz, nəticəsiz qaldı. Ona görə də dəfələrlə çağırış edilməsinə baxmayaraq, Ermənistan danışıqlar yolu ilə heç bir kompromis nöqtəyə gəlmədi. Buna görə də Azərbaycan dövlətinin müharibə yolu ilə öz torpaqlarını işğaldan azad etməkdən başqa yolu qalmadı”.
Q.Hacıyev qeyd etdi ki, Azərbaycan Ordusu Ermənistanın təxribatçı davranışlarının qarşısını almaq istiqamətində əks-hücum əməliyyatlarına başladı və şanlı ordumuz torpaqlarımızı işğaldan azad etdi: “Beləliklə, Ali Baş Komandanın rəhbərliyilə Azərbaycan Ordusu torpaqlarımızı düşməndən azad etdi, bununla da ermənilərin Dağlıq Qarabağda əsassız, qanusuz olaraq yaratdıqları qondarma “DQR”ə birdəfəlik son qoyuldu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başa çatmış oldu. Dekabrın 10-da Bakının mərkəzində - Azadlıq meydanında keçirdiyi Zəfər paradı ilə Azərbaycan dövləti erməni separatizminə öldürücü zərbə vurdu. Zəfər paradının Azərbaycan və Türkiyə dövlətlərinin birgə iştirakı ilə keçirilməsi həm də bizim qardaşlıq paradımız idi. Yaxın gələcəkdə böyük türk birliyinin yaradılmasının da özülü Türkiyə və Azərbaycanın birgə keçirdiyi Zəfər paradında qoyuldu. Zəfər paradı Azərbaycanın, bütövlükdə, bütün Türk dünyasının tarixində ən mühüm, ən parlaq günlərdən biri kimi tarixə düşdü. İki dövlət başçısının çıxışlarında da Azərbaycan və Türkiyə dövlətlərinin gələcək planları cızılaraq, bu dövlətlərin birgə inkişafı ilə bağlı çox qiymətli, çox dəyərli fikirlər söyləndi. Biz inanırıq ki, zəfər yürüşünə çıxaraq Azərbaycan torpaqlarının xilasını qələbə ilə başa çatdıran Azərbaycan və Türkiyə türk xalqlarının birliyini təmin edəcəklər”.
Asif Nərimanlı: “...bununla yanlış yazılmış tarixi düzəltdi”
Siyasi şərhçi Asif Nərimanlının fikrincə, Zəfər paradının 10 dekabrda keçirilməsi erməni sepratizminə vurulan böyük zərbədir: “10 dekabr 1991-ci ildə ermənilər Dağlıq Qarabağda qanunsuz “referendum” keçirərək, “müstəqillik” elan etdilər, 29 il sonra Azərbaycan məhz 10 dekabr tarixində Zəfər paradı keçirdi və bununla yanlış yazılmış tarixi düzəltdi. Paradda düşməndən götürülmüş hərbi qənimətlərin nümayişi qələbənin simvolikası hesab oluna bilər.
1. Bu, Ermənistan üzərində hərbi-psixoloji zərbə effekti yaradır;
2. Bütün dünyaya, xüsusilə Ermənistanı müdafiə edən ölkələrə Azərbaycanın qələbəsinin əyani sübutu kimi təqdim olunur.
Ələ keçirilmiş və məhv edilmiş düşmən texnikasının dəyəri 4 milyard dəyərində qiymətləndirilir, bu, Ermənistanın dövlət büdcəsindən çoxdur.
Türk əsgərinin paradda iştirakı da özündə mühüm bir tarixi canlandırır. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi paradında türk əsgəri iştirak edirdi. 100 il sonra ərazi bütövlüyünü bərpa edən Azərbaycanın Zəfər paradında yenə türk əsgəri iştirak etdi. Biz 100 il öncə də bir idik, 100 il sonra da birik, 100 il keçsə də, yenə bir olacağıq.
Parada hazırlıq məşqlərində türk hərbçilərin önündə daşınan bayraq Türkiyə ordusunun Bolu 2. Komando Tuqayının bayrağıdır. Bu hərbi birlik və onun döyüş bayrağı Kipr döyüşlərində, PKK-ya qarşı mübarizədə, İraq əməliyyatlarında və Suriyada həyata keçirilən hərbi əməliyyatlarda iştirak edib. O bayrağın Zəfər paradında nümayişi “Türkiyə Azərbaycanda, həm də bütün bölgədə artıq vardır” mesajının verilməsi deməkdir”.
A.Nərimanlı qeyd edir ki, artıq yeni dövr başlanır: “Paradda Azərbaycan və Türkiyə prezidentlərinin dediyi sözlər həm iki qardaş ölkənin, həm də bölgənin gələcəyinin necə dizayn ediləcəyini anlamağa imkan verir. Çünki Vətən müharibəsindən sonra bu, Ərdoğanın Bakıya ilk səfəri oldu və bu səfər bir mərhələnin qapanması, yenisinin açılması deməkdir”.
İradə SARIYEVA