“Siz bizim fəxrimizsiniz, Sizinlə qürur duyuruq.
Mən Birinci Qarabağ müharibəsinin iştirakçısıyam. Azərbaycan Ordusunun tərkibində torpaqlarımızın azad edilməsi uğrunda canla-başla Vətənə xidmət etmişəm, xidməti vəzifəmi şərəflə yerinə yetirmişəm. 1994-cü ildə Füzulinin 22 yaşayış məntəqəsinin mənfur düşmən işğalından azad edilməsində yaxından iştirak etmişəm.
Sizin müdrikliyiniz sayəsində artıq Laçın da namərd düşmən tapdağından azad edildi. Sizi və bütün Azərbaycanımızı təbrik edirəm. Hazırda 64 yaşımın olmasına baxmayaraq, yenə də istər ordu sıralarında, istərsə də Qarabağımızın cənnət bir guşəyə çevrilməsi üçün görüləcək işlərdə iştirak etməyə hazıram. Allah bütün əsgər və zabitlərimizi qorusun! Azərbaycanın torpaqlarının azad edilməsində canından keçərək, qanı ilə müqəddəs şəhidlik zirvəsinə yüksəlmiş şəhidlərimizə Allahdan rəhmət, yaralı qardaşlarıma şəfa diləyirəm. Uca Tanrı Sizi üstümüzdən əskik etməsin. Sizin tutduğunuz yol haqq yoludur və biz xalq olaraq birlikdə bu haqq yolu ilə daim irəliyə gedirik.
Hər bir Azərbaycan vətəndaşı kimi mən də fəxr edirəm ki, azərbaycanlıyam! Mən fəxr edirəm ki, Sizin sayənizdə qurulmuş əzəmətli Azərbaycanın şanlı tarixini yaşayıram. Bu fəxri, bu qüruru Azərbaycan xalqına Siz qaytardınız. Buna görə Sizə minnətdaram. Siz tarixə qızıl hərflə yazılan Qələbə imzası atdınız. Bu Qələbə Azərbaycan tarixində daima Sizin adınızla bağlı olacaq.
Qarabağ Azərbaycandır!”
Bunu Prezident İlham Əliyevə müraciətində Bakının Nərimanov rayonundan Qarabağ qazisi Əliyev Teymur Zalı oğlu bildirib.
Baki-xeber.com