Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında" Sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Zəfər” və “Qarabağ” ordeni ilə təltif ediliblər.
Vətən müharibəsində iştirak edənlərin diqqətdən kənarda qalmayıb, onların qiymətləndirilməsi ölkə ictimaiyyəti tərəfindən müsbət qiymətləndirilir.
“Vətən müharibəsi iştirakçılarının, qəhrəmanlarının, igid hərbçilərin ölkənin ən ali ordenləri və fəxri adları ilə təltif olunması olduqca böyük təqdirə və alqışalayiq bir hadisə, addımdır”
Millət vəkili Eldəniz Səlimov bildirdi ki, ölkə Prezidenti, Ali Baş Komandan tərəfindən 44 günlük İkinci Vətən müharibəsi iştirakçılarının, qəhrəmanlarının, igid hərbçilərin ölkənin ən ali ordenləri və fəxri adları ilə təltif olunması olduqca böyük təqdirə və alqışalayiq bir hadisə, addımdır: “İyul-Tovuz hadisələrinin qəhrəmanlarından olan mərhum general-mayor Polad Həşimovla polkovnik İlqar Mirzəyevin, ümumilikdə, 3 nəfərin “Milli Qəhrəman”, 82 igidimizin “Vətən Müharibəsi Qəhrəmanı” adı, 33 qəhrəmanımızın “Zəfər”, 204 qəhrəmanımızın isə “Qarabağ” ordeni ilə təltif edilməsi, bütövlükdə, 44 günlük müharibəyə və bu müharibəni tarixi qələbə, zəfərlə baş çatdıranlara verilən qiymət, sonsuz dəyərdir. Onların hər biri bu adı öz əməlləri, igidlikləri, müstəsna qəhrəmanlıqları ilə haqq edirlər. Bu, onların haqqıdır. Biz onların hər birinə minnətdar və borcluyuq. Bu günümüzə, əmin-amanlığımıza, 32 illik qanlı münaqişənin cəmi 44 günə tarixi qələbə, zəfərlə başa vurulmasına görə hər birimiz onlar qarşısında baş əyirik. Onlardır möhtəşəm, dünyaya səs salan qələbəmizin, zəfərimizin yaradanları, yaşadanları. Dövlətimiz, xalqımız, dövlət başçısı, Ali Baş Komandan da hər zaman Vətən müharibəsi, Qarabağ savaşı iştirakçılarına, şəhidlərə, şəhid ailələrinə, qazilərə xüsusi diqqət və qayğısı, hörmət və ehtiramı ilə seçilib. Dövlət başçısı hər zaman şəhidlərə, şəhid ailələrinə, qazilərə özünün həssas və isti münasibətini nümayiş etdirib, hər zaman onları diqqətdə saxlayıb, qiymətləndirib, dəyərləndirib. Bu gün imzalanan hər üç sərəncam da bir daha Azərbaycan dövlətinin və dövlət başçısının diqqətinin, həssas münasibətinin növbəti əyani nümunəsidir. Məlumdur ki, bir müddət öncə Ali Baş Komandan Azərbaycanda “Vətən Müharibəsi Qəhrəmanı” adının, eləcə də, 2 orden və 15 medalın təsis edilməsi ilə bağlı parlamentə müvafiq qanun layihələri göndərib və hər hər iki qanun layihəsi də millət vəkilləri tərəfindən yüksək razılıq hissi ilə qarşılanaraq, müsbət qiymətləndirilib, üç oxunuşdan keçirilərək, bütövlükdə, qəbul olunub və imzalanması üçün ölkə Prezidentinə göndərilib. Ölkə Prezidenti də səlahiyyətlərindən istifadə edərək, hər iki qanun layihəsini imzalayaraq, onların hüquqi qüvvəyə minməsinə yaşıl işıq yandırıb. Bugünkü sərəncamları ilə də həmin qanunların mahiyyətinə uyğun olaraq, addımlar atıb, şəhid və hazırda yaşayan igidlərimizi, qəhrəmanlarımızı, dastan yazan oğullarımızı, hərbçilərimizi təltif edib. Buna görə müzəffər Ali Baş Komandana təşəkkürlərimizi bildirir və ona Azərbaycan naminə fəaliyyətində növbəti uğurlar arzulayırıq”.
Günel CƏLİLOVA