“Əgər hansısa ölkə Dağlıq Qarabağı tanımaq istəyirsə, onlar öz ölkəsinin daxilində müəyyən addımlar atsınlar. Onlar öz ölkəsində müəyyən ərazini ayıra bilər və Azərbaycanda yox, öz ölkəsində ikinci erməni dövlətini yarada bilər”. Bunu Prezident İlham Əliyev İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlət başçısının sözlərinə görə, İtaliya parlamentarilərinin səfəri Azərbaycan cəmiyyətində çox yüksək dəyərləndirildi: “Çünki təsəvvür edin, insanlar bütün dəstək əlamətlərini çox böyük diqqətlə izləyirlər, ona həssaslıqla yanaşırlar. Bir sözlə, bütün cəmiyyət həmin səfəri dəstəyin təzahürü kimi qəbul etdi. Həmçinin, insanlar qeyd edir və mən onların rəyi ilə razıyam ki, qonşularınızdan bəziləri parlamentdə Dağlıq Qarabağın tanınması ilə bağlı müəmmalı qətnamələr qəbul edirlər. İtaliyanın millət vəkilləri Azərbaycana hörmət və ehtiramını ifadə etmək, Azərbaycan xalqının əziyyətlərini bölüşdüyünü bildirmək üçün Ağdama getdilər, Gəncəyə səfər etdilər. Bir sözlə, bu, bir daha göstərir ki, ölkələrimiz arasında dostluq və xalqlarımız arasında qarşılıqlı müsbət yanaşma artıq reallığa çevrilib”.
Göründüyü kimi, ölkə Prezidenti bir daha qondarma "DQR"i tanımaq istəyən ölkələrə xəbərdarlıq etdi. Onlar anlamalıdırlar ki, Azərbaycan buna heç vaxt imkan verməyəcək.
“Tam əminliklə deyirəm ki, həmin dövlətlər bundan itirəcəklər”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən şərqşünas Seyid Camal Əzimbəylinin fikrincə, Ermənistanı himayə edən bəzi dövlətlər, müəyyən dairələr ölkə başçısının bu xəbərdarlığından nəticə çıxarmalıdırlar: “Yoxsa, onlar üçün gec olacaq. Söhbət ondan gedir ki, ermənilərə xüsusi rəğbət bəsləyən bəzi dövlətlər bundan düzgün nəticə çıxarmasalar, o zaman həmin ölkələrlə olan münasibətlərə yenidən baxılacaq. Tam əminliklə deyirəm ki, həmin dövlətlər bundan itirəcəklər. Məsələ ondadır ki, Azərbaycan Cənubi Qafqazda lider ölkədir. Azərbaycanın razılığı olmadan hansısa transmilli regional layihənin reallaşdırılması mümkün deyil. Bunu ötən illərin təcrübəsi də sübut etdi. Həmin dövlətlər bunu etməklə öz iqtisadi maraqlarını zərbə altında qoyurlar. Bu cür siyasətlə sözügedən ölkələr iqtisadi layihələrdən məhrum olacaqlar. Dağlıq Qarabağda etnik ermənilərin sayı heç 100 min nəfər deyil. Fransa razı olarmı bu ölkənin hansısa bucağında yüz minlik etnik azlıq müstəqillik elan etsin? Təbii ki, yox. Belə olsaydı, indi müasir Fransa ərazisində bir neçə dövlət yaranmışdı. Belə olan halda, hansı beynəlxalq hüquqa söykənərək ermənilərə bu cür qahmar çıxırlar? Belçikanın özündə bir sıra problemlər var. Fransa bu qədər erməniləri çox sevirsə, o zaman 60-70 minlik Qarabağ ermənisini aparsın. Fransada dağlıq ərazi də çoxdur. Aparsınlar orada yerləşdirsinlər və onlara dövlət yaratsınlar. Zatən, ermənilər 20-ci əsrdə əzəli Azərbaycan ərazilərində dövlət yaradıblar. İkinci belə bir dövlətin yaradılmasına biz imkan verməyəcəyik. O üzdən, boşuna çalışmasınlar”.
Şərqşünasın fikrincə, heç bir qüvvə sözügedən məsələdə Azərbaycanı öz yolundan döndərə bilməz.
Vidadi ORDAHALLI