Azərbaycanla Ermənistan arasında davam edən 44 günlük müharibənin gedişi bu hərbi qarşıdurmanın nəticələri qədər dünya gündəmində qızğın müzakirə mövzusuna çevrilib. Azərbaycan Ordusunun seçdiyi hücum taktikası və dünyada ilk dəfə geniş miqyasda tətbiq etdiyi “dron döyüşü” nəinki region dövlətləri, hətta ABŞ və Rusiya kimi supergüclər tərəfindən də diqqətlə öyrənilir.
“Nezavisimaya qazeta” yazır ki, Rusiya Müdafiə Nazirliyi də Qarabağda döyüş əməliyyatları iştirakçılarının təcrübəsini diqqətlə öyrənir və yaxın gələcəkdə qeydə alınan yenilikləri istehsalatda tətbiq etmək barədə düşünür.
Qəzet yazır ki, “Azərbaycan Ordusunun Dağlıq Qarabağda hava hücumunda tətbiq etdiyi yeniliklər RF Müdafiə Nazirliyinin Konstruktor-Təcrübə Mərkəzi tərəfindən öyrənilib. Qeydə alınan yeniliklərin tətbiqi barədə qərar isə Hərbi Departamentdəki son müzakirələrin nəticələrindən sonra verilə bilər. Təsadüfi deyil ki, bu günlərdə Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqu Konstruktor-Təcrübə Mərkəzinin təklifləri əsasında ən müasir səviyyəli avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılacağına dair açıqlama verib: “Bu sistem qabiliyyət baxımından xarici analoqlardan geri qalmayacaq və bir sıra xüsusiyyətlərinə görə hətta onları üstələyəcək. Sistemin istifadəsi qoşunların idarəetməsini yaxşılaşdıracaq və döyüş effektivliyini artıracaq”.
O da qeyd olunub ki, Rusiya Federasiyası Müdafiə Nazirliyindəki mənbələr “Sozvezdie-2015″ konstruktor mərkəzindəki son canlanmanın səbəbinin Qarabağdakı hərbi əməliyyatların araşdırılması ilə əlaqəli olduğunu bildiriblər: “Çünki Türkiyə və İsrail istehsalı olan PUA-larla Azərbaycan Ordusu nəinki ermənilərin zirehli texnikalarını və hərbi birləşmələrini döyüş meydanında məhv etdi, eyni zamanda, gələcək müharibələr haqqında hər kəsdə dolğun təsəvvür yaratdı”.
Rusiya kimi güclü orduya malik olan dövlətin də Azərbaycan Ordusunun Qarabağ döyüşlərində əldə etdiyi təcrübəni öyrənməsi mühüm hadisədir.
“İnsan itkisinin minimum səviyyəyə endirilməsi, strateji planın maksimum səviyyədə və...”
Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, ordumuz elə bir uğura imza atıb ki, bu, bütün dünya ölkələrinin marağına səbəb olub: “Məsələ ondadır ki, Azərbaycanın 44 gün ərzində apardığı antiterror əməliyyatları hələ bundan sonra da hərbi tədqiqatçılar tərəfindən öyrəniləcək. Çünki ordumuz ötən 44 gündə müasir hərbin, döyüşlərin ideal bir nümunəsini sərgilədi. Azərbaycan Ordusu bütün dünya orduları üçün nümunə olacaq döyüş əməliyyatları həyata keçirib. Sözügedən əməliyyat strateji və taktiki baxımından son dərəcə uğurla idarə olunub. Düzdür, heç bir döyüş planı ideal olmur. Bütün strateji planlar taktiki zonada, əməliyyat meydanında həyata keçirilərkən özünün müsbət tərəfləri ilə yanaşı, mənfi tərəflərini də göstərir. Eyni zamanda, hadisələrin gedişi zamanı yeni redaktələrə ehtiyac yaranır. Yəni döyüş planı redaktə olunur. Şəraitdən, vəziyyətdən, döyüşdən asılı olaraq, bir sıra yeniliklər həyata keçirilir, əməliyyat planına yeniliklər əlavə edilir. Əməliyyat planında nəzərdə tutulan bəzi məqamlar ixtisara salınır. Azərbaycan bu baxımdan da Ali Baş Komandanın rəhbərliyi altında böyük uğura imza atdı və ideal bir nümunə sərgilədi. Bu səbəbdən Rusiya kimi güclü ordusu olan ölkə ordumuzun təcrübəsini öyrənir. ABŞ-dan sonra Rusiyanın da bizim təcrübəmizi öyrənməsi çox mühüm hadisədir. Çünki ortada müasir hərbin ən ideal nümunəsi var. Nəinki böyük dövlətlər, digər ölkələr də döyüş uğurumuzu öyrənir. Xüsusən də separatçılıqdan əziyyət çəkən ölkələr. Çünki öyrəniləsi çox şey var. Birincisi, insan itikisinin minimum səviyyəyə endirilməsi. İkincisi, strateji planın maksimum səviyyədə və qısa müddətdə həyata keçirilməsi. Üçüncüsü, mobillik. Dördüncüsü, Ali Baş Baş Komandanın bütün əməliyyatları dəqiqəbədəqiqə izləməsi. Bütün bunlar çox önəmli faktorlardır”.
Hərbi ekspertin fikrincə, bir sözlə, öyrəniləsi çox məqam var.
Vidadi ORDAHALLI