Prezident İlham Əliyev İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin nümayəndə heyətini qəbul edərkən deyib ki, yenidənqurma işləri ilə bağlı ilk müqavilələr türk şirkətləri ilə bağlanıb. Dövlət başçısı bildirib: "Biz yenidənqurma işləri ilə bağlı ilk addımlar atmışıq. İlk müqavilələr artıq bağlanıb və dediyim kimi, biz işğaldan azad olunan ərazilərdə dost ölkələrdən olan şirkətlərlə çalışacağıq. İlk müqavilələr türk şirkətləri ilə bağlanılıb və bu da təbiidir, çünki Türkiyə qardaş ölkədir. Ümidvaram ki, növbəti müqavilələr italyan şirkətləri ilə imzalanacaq. Bu da təbiidir. Çünki İtaliya Azərbaycanın yaxın dostudur. Ölkələrimiz arasında çoxillik diplomatik münasibətlərin mövcudluğu dövründə və xüsusilə də müharibə zamanı biz sizin mövqeyinizin şahidi olduq. Ölkənizin parlament nümayəndələrinin müharibənin başa çatmasından bir aydan az vaxt keçməmiş Azərbaycana səfəri bizim güclü dostluq münasibətlərimizi nümayiş etdirir. Biz bu həmrəylik və dəstək jestini yüksək qiymətləndiririk".
Göründyü kimi, Azərbaycan ərazilərinin bərbasında ilk önəmi Türkiyəyə verib. Bunun nə kimi əhəmiyyəti və mənası var?
“Türkiyə savaşda, diplomatiyada, hərbi paradda belə bizim yanımızda olursa, deməli, bu işdə də öndə olmalıdır”
Türkiyədə fəaliyyət göstərən iqtisadıçı ekspert Günay Hüseynova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunun həm iqtisadi, həm sə siyasi mənası var: “Etiraf etməliyik ki, iqtisadiyyatla siyasət bir-biri ilə sıx bağlı olan komponentlərdi. Xüsusilə də bu məsələdə sırf iqtisadi amili önə vermək olmaz. Fikrimi bir az detallı izah edim. Biz, hətta rentabelli olsa belə, həmin ərazilərə Azərbaycanın haqq mövqeyini deyil, Ermənistanın işğalçı siyasətini dəstəkləyən ölkənin şirkətlərini necə dəvət edə bilərik? Qarabağ savaşı Azərbaycan üçün həm də dostlarını və düşmənlərini tanımaq baxımından əhəmiyyətli oldu. Savaş müddətində dünyanın əksər ölkələri Azərbaycanın haqq işinə dəstək verdi, ancaq anti-Azərbaycan mövqeyi tutan ölkələr də oldu. Bu baxımdan da, bizim üçün bu məsələdə prioritet dost ölkələr olmalıdır. Görünən budur ki, hələlik Türkiyə və İtaliya şirkətlərinin aktiv olacağı gözlənilir. Göründüyü kimi, işğal müddətində Ermənistan silahlı qüvvələri tərəfindən praktik olaraq bütün infrastruktur dağıdılıb. Bu səbəbdən də yenidənqurma işlərinə böyük ehtiyac var. Bundan əlavə, bölgənin iqtisadi potensilı olduqca zəngindir. Türkiyə savaşda, diplomatiyada, hərbi paradda belə bizim yanımızda olursa, deməli, bu işdə də öndə olmalıdır. Türkiyə ilə bizi həm də iqtisadi əlaqələr sıx bağlayır. Ölkələrimiz arasındakı iqtisadi münasibətlər yüksək səviyyədədir. Eyni zamanda, türk şirkətlərinin tikinti işlərində böyük səriştəsi var. Türkiyə şirkətləri eyni zamanda aqrar sektora, həmçinin bir sıra sənaye məhsullarının istehsalına, o cümlədən turizm sektoruna cəlb oluna bilər. Azad edilmiş ərazilərimizin iqtisadi potensialı böyük olduğuna görə, həmin ərazilərə xarici sərmayənin cəlb edilməsi imkanları da genişdir. Bu baxımdan bir çox ölkələr həmin prosesdə yer almaqda maraqlı olar. Amma görünən budur ki, Azərbaycan hakimiyyəti olduqca doğru seçim edir. Həmin ərazilərə sərmayə qoyan ölkələr həm də bölgənin təhllükəsizliyinə öz maraqları kimi baxmalıdırlar. Əminik ki, Türkiyənin mövqeyi əbədiyyən belə olacaq. Qardaş ölkəyə bu estafetdə birinciliyin verilməsinin böyük anlamı və perspektiv üçün faydalı tərəfləri var”.
Ekspertin sözlərinə görə, biz çox qısa zamanda həmin ərazilərdə geniş inkişafın şahidi olacağıq.
Məhəmmədəli QƏRİBLİ