Ermənistanın "Milli Təhlükəsizlik" Partiyasının rəhbəri Karnik İsaqulyan maraqlı, lakin absurd sayılacaq bir açıqlama ilə çıxış edib. Erməni KİV-inin verdiyi məlumata görə, İsaqulyan deyib ki, Paşinyan hələ hakimiyyətə gəlməmişdən qabaq Anna Akopyan, Lilit Makunç, Asya Xaçatryan və başqaları ilə birlikdə guya Tiflisdə ABŞ səfirliyinin vasitəçiliyi ilə Azərbaycandan və Türkiyədən olan bəzi şəxslərlə görüşüb, müzakirələr aparıb, hər dəfə də ölkəyə pul gətiriblər. İddia olunur ki, Paşinyan Azərbaycan və Türkiyədən aldığı 48 milyon dollar pulun hesabına hakimiyyətə gəlib. Partiya sədri bildirib ki, bu barədə daha geniş açıqlama verə bilmir, ancaq bəzi detalları xüsusi xidmət orqanlarının rəhbərliyinə və Ermənistanın 3-cü prezidentinə məruzə edib. Bildirilir ki, hətta bu absurd iddiaya görə adları çəkilən şəxslərdən biri partiya sədrinə qarşı məhkəmə iddiası da qaldırıb. Partiya sədri deyir ki, onunla məhkəmə çəkişməsində olan xanımlardan biri - Asya Xaçatryanın guya Azərbaycan xüsusi təyinatlıları arasında "sevgilisi” də var və o, Azərbaycan dilində təmiz danışır.
Ermənistanın siyasi palitrasında yer alan bu sərsəm iddiaları nə ilə izah etmək mümkündür?
“Paşinyanı hakimiyyətə biz yox, Sorosun pulları gətirib”
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan siyasi sistemində yer alan bu cür iddaların başlıca səbəbi onların müharibədəki biabırçı məğlubiyyətilə bağlıdır: “Fikir verirsinizsə, Ermənistan cəmiyyəti hələ müharibənin şokundan ayıla bilmir. Etiraf edək ki, onlar hadisələrin bu cür gedişini təxmin etmirdilər. Elə bilirdilər ki, daima “qalib xalq” kimi gəzəcəklər və Qarabağ əbədiyən onların olacaq. Bunun tamamilə tərsi baş verib. Daima zərərli ideologiyalarla zəhərlənən ermənilər hazırda bu məğlubiyyətin acısını həzm edə bilmirlər. Ölkənin daxilində də vəziyyət acınacaqlıdır. Koronovirus onsuz da olmayan iqtisadiyyatı tam sıradan çıxarıb. Ölkənin xarici borcu ümumdaxili məhsulun 60 faizi həcmində dəyərləndirilir. Bu o anlama gəlir ki, Ermənistan adlı ölkə yalnız adda mövcuddur, əslində isə yox kimidir. Bütün bu amillər Ermənistan siyasətində psixoz vəziyyət yaradıb. Bütün siyasətçilər bu bəlanın səbəbini bir-birinin üzərinə yükləmək istəyir. Hətta vəziyyət o həddə çatıb ki, ölkəyə rəhbərlik etmiş şəxslər belə bir-birinin səs yazılarını yayırlar. İki gün əvvəl sabiq Ermənistan prezidenti Serj Sarkisyanın Belarus prezidenti Lukaşenko ilə etdiyi qeyri-rəsmi söhbətin səs yazısı yayılıb. Erməni ekspertlər iddia edirlər ki, bunu Paşinyan edib ki, Qarabağdakı məğlubiyyət onun üzərində qalmasın. Həmin danışıqla sübut etməyə çalışılır ki, vaxtında Sarkisyan ona təklif olunan güzəştə getsəydi, hazırda Ermənistanın vəziyyəti daha yaxşı olardı. Görürsünüzmü, hamı “günah keçisi” axtarır. Paşinyanın güya Azərbaycanın maliyyəsilə hakimiyyətə gəlməsi ilə bağlı səslənən fikir tamamilə absurddu. Hamı gözəl bilir ki, deyilən marşrut üzrə pulu kimlər Ermənistana ötürə bilər. Paşinyanı isə hakimiyyətə biz yox, Sorosun pulları gətirib. Paşinyan hakimiyyətə gəlib bizə nə yaxşılıq etdi ki? Əksinə, sələflərindən daha sərt mövqe tutdu, hətta danışıqlar prosesini tamamilə dalana dirədi”.
Ekspertin sözlərinə görə, bu cür absurd iddialarla Paşinyanı xalqın gözündən daha da salıb hakimiyyətə gəlməyə çalışan qüvvələr var.
Məhəmmədəli QƏRİBLİ