Azərbaycan Rusiya tərəfinin vasitəçiliyi ilə Ermənistanın üç hərbi əsirini təhvil verib. Bu barədə Ermənistan baş nazirinin müavini Tiqran Avinyanın ofisi məlumat yayıb. Bundan əvvəl Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qevorq Altunyan "Armenpress" agentliyinə bir neçə erməni hərbi əsirinin bir neçə saatdan sonra vətənində olacağını açıqlayıb. Xatırladaq ki, daha öncə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycanın beynəlxalq humanitar hüquq normaları və humanizm prinsiplərindən irəli gələn öhdəliklərinə sadiq olduğu barədə bəyanat yaymışdı. Bəyanatda qeyd olunur ki, Azərbaycan “hər kəs hamı üçün” prinsipi ilə əsir və girov mübadiləsinin tərəfdarıdır.
Ermənistan baş nazirinin müavini Tiqran Avinyan öz növbəsində qeyd edib ki, erməni tərəfi də “hər kəs hamı üçün” prinsipini rəhbər tutmağı təklif edir. Bundan başqa, o əlavə edib ki, gələcəkdə tərəflərdən birinin əsiri varsa, dərhal və ön şərt olmadan geri qaytarılması təklif olunur. Çox maraqlıdır ki, Ermənistan hazırda hərbi əsirlərin dəyişdirilməsini vaxtilə Azərbaycanın təklif etdiyi ssenari üzrə həyata keçirir. Ermənistanın əvvəl imtina etdiyi bu prinsipə hazırda canla-başla hazır olması nəyin əlaməti sayıla bilər?
“Buna onları Azərbaycan ordusunun qazandığı zəfər məcbur edib…”
Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əsirlərin dəyişdirilməsilə bağlı məsələyə Azərbaycan neçə ildir nail olmaq istəyir: “Hətta müxtəlif vaxtlarda Azərbaycana qarşı diversiya törətmək istəyən əsirlərin sayının artması da Ermənistanın bu məsələyə müsbət reaksiya verməsinə şərait yaratmırdı. Yəni bizim əlimizdə sayca onlardan çox əsir olsa da, onlar “hamının hamıya” prinsipi ilə əsirlərin dəyişməsinə tərəfdar çıxmırdılar. Əsasən də, prinsipial olaraq Dilqəm Əsgərovla Şahbaz Quliyevin qaytarılmasından imtina edirdilər. Bir ara hətta bəhanə edərək deyirdilər ki, güya bu, Ermənistanın yox, qondarma qurumun məsələsidir. 44 günlük müharibə Ermənistanı diz çökdürdü. Əvvəllər qəbul etmədiyi bir çox məsələləri hazırda yalvararaq təklif edir. Hazırda bizim əlimizdə olan hərbi əsirlərin sayı xeyli artıb. Hətta Ermənistan tərəfi bunu bir neçə dəfə şişirdir. Artıq bu məsələ Ermənistan hakimiyyəti üçün baş ağrısına çevrilir. İtkin düşən, barəsində heç bir xəbər olmayan erməni hərbçilərin valideynləri, demək olar ki, hər gün Ermənistan hakimiyyətinə qarşı etiraz aksiyaları keçirir. Nikol Paşinyana müxalif olan qüvvələr isə bundan məharətlə istifadə edir. Buna görə də Paşinyan bu bəladan qurtarmaq istəyir. Onların “hamının hamıya” prinsipi ilə razılaşması bu amillə bağlıdır. Buna onları Azərbaycan ordusunun qazandığı zəfər məcbur edib. Hətta bununla bağlı Rusiyaya vasitəçilik etməsi üçün yalvarırlar. Erməni valideynləri deyir ki, belə getsə, Paşinyana deyil, İlham Əliyevə müraciət edəcəklər. Biz isə bəyan edirik ki, hər zaman təklifimizə sadiqik. Bilirsiniz ki, əsirlərin dəyişdirilməsi 10 noyabr Bəyanatında da öz əksini tapıb. Təbii ki, Azərbaycan onlardan həm də mülki girovlarımız olan Şahbaz və Dilqəmi tələb edəcək. Çünki bizim hərbi əsirimizin sayı çox azdır. Ermənistanın buna razılaşmaqdan başqa çıxış yolu qalmayıb”.
Əhməd Şahidovun sözlərinə görə, artıq bu prosesə start verilib: “Azərbaycan ilkin mərhələdə Ermənistana 3 mülki şəxsi qaytarıb. Biz ilk jesti etmişik. Yəqin ki, tezliklə prosesin tam yekunlaşdığının şahidi olacağıq”.
Məhəmmədəli QƏRİBLİ