Ermənistanda Soros ofisinin bağlanması prosesi başlanıb. Həmin ölkənin mediasının verdiyi məlumata görə, bunu VETO hərəkatının lideri Narek Malyan deyib. O, bir müddət öncə Saşik Sultanyan adlı şəxsin yezidi kürdlərlə ermənilər arasında nifaq yaratmaq üçün Soros fondundan pul aldığına dair Milli Təhlükəsizlik Xidmətinə müraciət etdiyini bildirib. Malyanın sözlərinə görə, tezliklə Soros ofislərində total yoxlamalar prosesi başlayacaq, Milli Təhlükəsizlik Xidmətinə məşhur sorosçular çağırılacaq. Malyan bildirib ki, bu proses tam olaraq Ermənistanın qanunvericiliyinə əsasən aparılmalıdır. Ermənistanda Soros fonduna qarşı başlanan ifşa və təzyiq kompaniyasının arxasında hansı amillər dura bilər?
“Çox güman ki, baş verən son hadisələrin fonunda həm də Paşinyanın özü fərqli siyasət yürütmək istəyir”
Beynəlxalq münasibətlər üzrə ekspert Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Soros fondu ilə bağlı Ermənistanda yaranan vəziyyəti iki istiqamətdən şərh etmək mümkündür: “Birincisi, bir neçə gün əvvəl Ermənistan xüsusi xidmət orqanı rəhbərinin rusiyalı həmkarı ilə görüşdə əldə edilən nəticə. Həmin görüşdə Ermənistan hakimiyyətində təmsil olunan sorosçuların kənarlaşdırılması haqda ümumi razılıq olub. Ümumi anlamda Ermənistanda Sorosun əlinin –qolunun bağlanması təklifləri aktuallıq kəsb edib. Həmin görüşdə Ermənistana yönəlik 11 təklif olmuşdu, onun 9-u sırf Sorosla bağlıdır. İkinci aspekt isə Nikol Paşinyanın hakimiyyətə məhz Sorosun dəstəyilə gəlməsidir. Artıq bu tam təsdiqini tapan məsələdir. Ardınca həmin şəbəkəyə aid kadrların Paşinyan tərəfindən dövlət qurumlarına yerləşdirilməsi baş verdi. Ölkənin daxilindəki siyasi opponentlərinə qarşı mübarizədə də Nikol Paşinyan Sorosun metodları ilə davranmağa başladı. Təsdiqləndi ki, bütün bu layihələr Sorosun ofisində hazırlanaraq Paşinyna çatdırılırmış. Bütün bunlar həm də Rusiyanı ciddi narahat edən məqam idi. Bu məsələnin siyasi ilə yanaşı, həm də cəmiyyətlə bağlı olan tərəfi var. Ermənistanın monoetnik ölkə olduğunu hamı bilir. Onlar ancaq ümumi erməni ideologiyasını tanıyır. Həmin monoetnik ölkənin içərisində etnik erməni olan, lakin özlərinə yezidi deyən bir qrup var. Onlar çox kiçik qrupdur. Zamanında Ermənistan onlardan həm Azərbaycana, həm də Gürcüstana qarşı istifadə edib. Hətta yadımdadır ki, 2011-ci ildə güya Qarabağda yezidi irsin müdafiəsi adı altında bir mitinq də keçirmişdilər. Bununla onlar, güya Ermənistanın daxilində hansısa etnik qrupun da yaşadağı ilə bağlı görüntü yaratmaq istəyirdilər. Artıq bu kart onların marağına uyğun deyil. Amma aktivləşən yezidi qrup da öz maraqlarını təmin etməyə çalışır. Onlar özlərini cəmiyyətdə ermənilərdən fərqli kimi təqdim edirlər. Artıq bu amil Ermənistana təzyiq etmək istəyənlərin əlində bir alətə çevrilib. Sorosun adının bu karta bağlanması bir qədər Rusiyadan gələn sifarişə oxşayır. Bununla yanaşı, artıq Ermənistanda cəmiyyətin parçalanma amilini görürük. Çox güman ki, baş verən son hadisələrin fonunda həm də Paşinyanın özü fərqli siyasət yürütmək istəyir. Çünki Paşinyan görür ki, Rusiyadan ifrat uzaqlaşma ona baha başa gəlir. Bu səbəbdən də, belə primitiv bir şikayət əsasında Sorosdan imtina etməyə çalışırlar”.
Ekspertin sözlərinə görə, Sorosa olunan bu basqılar Ermənistanda Rusiyanın rolunun artması, Qərbin isə zəifləməsi kimi də xarakterizə oluna bilər.
Məhəmmədəli QƏRİBLİ