“İstər Qarabağ döyüşlərində, istərsə də koronavirus cəbhəsində Azərbaycan cəmiyyətinin koronavirus haqqında məlumatlandırılmasında medianın müstəsna rolu var”. Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib ki, koronavirus yayıldığı ilk gündən Azərbaycan mediası aktiv fəaliyyət göstərir, cəmiyyətin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində müstəsna rol oynayır.
O qeyd edib ki, Qarabağ döyüşlərində də Azərbaycan mediası cəmiyyətin məlumatlandırılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynadı: “Biz media rəhbərləri ilə görüşümüzdə onlara öz təşəkkürümüzü bildirdik. Mediaya çağırışımız odur ki, bundan sonra da koronavirusla bağlı mübarizədə aktiv olsunlar”.
“Əhalinin maarifləndirilməsi istiqamətində də medianın üzərinə böyük yük düşüb”
Cəmiyyətin məlumatlandırılmasında medianın rolu haqqında danışan media eksperti Azər Həsrət qeyd etdi ki, Azərbaycan mediası öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir: “Azərbaycan dövlətinin işğalçı Ermənistana qarşı apardığı azadlıq mübarizəsində biz haqlı tərəfi dünyaya tanıtdıq. Azərbaycan mediası bunu yüksək səviyyədə bacardı. Xüsusilə də xarici dildə materialların yayımlanması bizim işimizə müsbət təsir etdi. İşğalçı ölkə ilə informasiya müharibəsində də ölkəmiz qalib oldu”.
A.Həsrət qeyd etdi, koronavirusla mübarizədə də Azərbaycan mediası dövlətin apardığı siyasəti dəstəkləyir: “Ölkə mediası dövlətin bu istiqamətdə apardığı işi birmənalı şəkildə, olduğu formada cəmiyyətə çatdırır. Əhalinin maarifləndirilməsi istiqamətində də medianın üzərinə böyük yük düşüb. Onlar bu işin öhdəsindən də layiqincə gəlirlər.
Ümumiyyətlə, Azərbaycan mediasının həm Qarabağ müharibəsində, həm də koronavirusla mübarizədə müstəsna xidmətləri var.
Günel CƏLİLOVA