Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq qələbə ilə Dağlıq Qarabağ münaqişəsi başa çatdı. Əldə olunan böyük qələbənin sayəsində Ermənistan təslim olduğunu etiraf edərək, kapitulyasiya aktına imza atdı. Nəticədə 10 noyabrda Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli razılaşma əldə olundu. Razılaşmaya uyğun olaraq, Ermənistan öz ordusunu Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxardı.
Ancaq belə məlum olur ki, münaqişənin Azərbaycanın qələbəsi ilə həlli erməni lobbisini, onların maraqlarından çıxış edən dairələri narahat edir. Onlar hələ də reallığı qəbul etmək istəmirlər. Bu səbəbdən erməni lobbisi və diasporu müxtəlif ölkələrdə Azərbaycan əleyhinə fəaliyyətini gücləndirib. Məsələ ondadır ki, Avropanın bəzi ölkələrində olduğu kimi, erməni diasporu və lobbisinin təsiri altında olan Niderland parlamentində də anti-Azərbaycan, anti-Türkiyə, islamofob qərarlar qəbul edilir. Bu ölkənin parlamentində ultrasağçı və ultramillətçi qüvvələrin fəallığı açıq şəkildə özünü göstərir. Ümumilikdə, Niderland parlamentində dəfələrlə antitürk və antiislam xarakterli qərarlar qəbul edilib. Bu yöndə növbəti cəhdlər də sözügedən siyasətin tərkib hissəsidir. Çünki 44 günlük savaşın başa çatmasından sonrakı ilk günlərdə də Niderland parlamentinin Nümayəndələr Palatasında Azərbaycan və Türkiyə əleyhinə bir sıra qətnamə təşəbbüsləri irəli sürülməyə başlandı. Türkiyə və Azərbaycana qarşı sanksiyaların tətbiq olunması, qondarma və artıq mövcud olmayan separatçı rejimin tanınması, uydurma “suriyalı terrorçular” məsələsinin araşdırılması və s. cəfəng çağırışlar eşidilməyə başlandı. Bu layihələrin müəllifləri Martin van Helvert (Xristian Demokratik Çağırış Partiyası), Joel Voordevind (Xristian İttifaqı Partiyası), Sven Koopmans (Azadlıq naminə Xalq Partiyası) və digər ultrasağçı, anti-Türkiyə və faşist ideologiyasının təbliğatçıları və ermənipərəst qüvvələrin əlaltılarıdır.
Özü də adıçəkilən siyasətçilər yalnız anti-Türkiyə və anti-Azərbaycan mövqeyi ilə tanınmırlar. Onlar Afrika və Yaxın Şərqdən gələn immiqrantları ölkədən qovmağı təklif edirlər. Avropanın bəzi ölkələri kimi, Niderland da reallıqla heç cür barışmaq, Azərbaycanın öz ərazi bütövlüyünü artıq bərpa etdiyini anlamaq istəmir. Bu qüvvələr parlamentdə mütəmadi olaraq müxtəlif təxribat xarakterli layihələrlə çıxış edirlər. Ədalət naminə demək lazımdır ki, Niderland hökuməti parlamentdəki təxribatçı təşəbbüsləri müəyyən mənada neytrallaşdırmağa və sənəd layihələrini balanslaşdırmağa çalışır. Amma aydındır ki, hökumətin reallığı əks etdirən və beynəlxalq hüquqa söykənən birmənalı mövqe nümayiş etdirməməsi parlamentdə radikal qüvvələrin əl-qolunu daha da açır.
Maraqlıdır ki, Azərbaycana, Türkiyəyə qarşı əsassız ittihamlarla çıxış edən, antitürk və islamofob siyasət yolu tutan ölkələrin əksəriyyətinin keçmişi törətdikləri soyqırımlar, digər qara ləkələrlə zəngindir. Bu baxımdan Niderland da istisna deyil. Bu gün antitürk və islamofob siyasət yürüdən Niderland özünün yaxın tarixinə nəzər saldıqda, əslində, utanmalıdır. Çox uzağa getmək lazım deyil. Ötən əsrin 70-ci illərinə qədər müstəmləkəçi siyasətin əsas müəlliflərindən olan Niderland Asiya və Afrika qitələrində xalqları siyasi və iqtisadi əsarətdə saxlayırdı. Niderland həmişə antiislam mövqeyi ilə tanınıb. Belə ki, dünyada ən çox sayda müsəlmanın yaşadığı İndoneziya kimi nəhəng ölkə əsrlər boyu niderlandlıların əsarətinə, müstəmləkəçi siyasətinə qarşı mübarizə aparıb və yalnız 1945-ci ildə öz müstəqilliyini elan edib. Bununla yanaşı, Niderlandın Srebrenitsa soyqırımının baş verməsindəki rolu yaşlı nəslin yaxşı yadındadır. Ötən əsrin 90-cı illərində Balkan müharibələrinin ən acı səhifəsi olan Srebrenitsa soyqırımının əsas müqəssirlərindən biri məhz Niderlanddır. Belə ki, 1995-ci ilin iyulunda Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində 8300-dən çox insanın soyqırıma məruz qalmasının məhz BMT-nin Niderland sülhməramlı kontingentinin fəaliyyətsizliyi və qorxaqlığı nəticəsində baş verdiyini bütün dünya gördü və etiraf etdi.
Bütün hallarda, Niderlandda Azərbaycana və Türkiyəyə qarşı müşahidə edilən bu xoşagəlməz tendensiyanı ekspertlər necə dəyərləndirirlər?
“...bu ölkə ilə iqtisadi əlaqələrə yenidən baxılacaq”
Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun sözlərinə görə, Niderlandda müşahidə olunan sözügedən fəaliyyət, nəticə etibarilə, bu ölkənin ziyanına işləyəcək: “Əvvəla Niderland hər zaman antitürk mövqeyindən çıxış edib. Zaman-zaman bu ölkə rəsmiləri orada yaşayan və Türkiyəyə qarşı olan terrorçu qüvvələrin fəaliyyətinə göz yumublar. Niderlandda türk və müsəlman əsilli miqrantlar sıxışdırılıb. Onlara qarşı təqib siyasəti aparılıb. Təəssüflər olsun ki, Niderlandda müəyyən qüvvələr indi də Azərbaycanı hədəf almağa başlayıblar. Fransa parlamentindən sonra Niderland parlamenti də erməni lobbisinin təsiri altına düşərək Qarabağdakı erməni separatçılarını tanımaq istəyir. Niderland belə bir addım atsa, o zaman bundan itirəcək. Çünki bu ölkənin Azərbaycanda 100-dən çox şirkəti fəaliyyət göstərir. Onlar bir sıra layihələrdə iştirak edirlər. Niderland bütün bunları nəzərə almasa, o zaman bu ölkə ilə iqtisadi əlaqələrə yenidən baxılacaq”.
Siyasi ekspert hesab edir ki, Niderland hakimiyyəti bütün bunların fərqində olmalıdır.
Vidadi ORDAHALLI